AZ

"Səhiyyədə süni intellektə etibar etmək olarmı?" - Əhatəli araşdırma

Süni intellekt (Sİ) əsaslı çat-botlar tibbi məsləhətlər verir. Bəs onlara etibar etmək nə dərəcədə təhlükəsizdir?
 
Tibbi xidmətlərin qiymətləri artdıqca, getdikcə daha çox insan məsləhət almaq üçün süni intellektə üz tutur. Lakin tədqiqatçılar xəbərdarlıq edir: bu yanaşma təkcə qeyri-effektiv deyil, həm də təhlükəli ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.
 
Məlumata görə, bu barədə Oksford Universitetində magistr proqramına rəhbərlik edən tədqiqatçılardan biri- Adam Mahdi danışıb. Onun sözlərinə görə, istifadəçilərlə süni intellekt sistemləri arasında qarşılıqlı ünsiyyətdə hər iki tərəfdən səhvlərə yol verilir.
 
Adam Mahdi bildirir ki, süni intellektdən məsləhət alanlar, sadəcə internetdə axtarış edən və ya şəxsi təcrübəsinə əsaslanan insanlara nisbətən daha yaxşı nəticələr göstərməyib.
 
Tədqiqat necə aparılıb?
 
Böyük Britaniyada 1300 nəfərin iştirak etdiyi eksperimentdə iştirakçılara hipitetik tibbi situasiyalar təqdim olunub. Onlardan xəstənin nə ilə xəstələndiyini müəyyənləşdirmək və nə etməli olduqlarını seçmək tələb olunub: müşahidə, terapevtə müraciət, yoxsa təcili hospitalizasiya.
 
İştirakçılar müxtəlif süni intellekt sistemlərinə müraciət edib. Nəticələr gözlənildiyi kimi olmayıb: bəzi hallarda neyroşəbəkələr, diaqnozlarla bağlı təxminləri doğru olsa belə, vəziyyətin ağırlığını dəyərləndirə bilməyib və problemi sadələşdirib.
 
Adam Mahdinin sözlərinə görə, istifadəçilər çox vaxt əsas detalları çat-botlara düzgün təqdim etməyib, cavablar isə bəzən qarışıq, qeyri-müəyyən və həm faydalı, həm də çaşdırıcı məlumatlarla dolu olub.
 
Texnologiya şirkətləri süni intellekti dəstəkləyir, həkimlər hələ ehtiyat edir
 
Risklərə baxmayaraq, iri texnoloji şirkətlər tibbi süni intellekt sahəsinə milyardlarla sərmayə qoyur. Məsələn, "Apple" sağlam həyat tərzi üzrə fərdi köməkçi hazırlayır, "Amazon" sosial amillərin sağlamlığa təsirini analiz edir, "Microsoft" isə pasiyent müraciətlərini emal edə biləcək neyroşəbəkələr üzərində çalışır.
 
Bununla belə, həkimlər süni intellektin insan həyatı ilə bağlı qərarlar verməyə hazır olduğuna inanmır. Amerika Tibb Assosiasiyası klinik praktikada süni intellektə etibar etməyi tövsiyə etmir. Süni intellekt istehsalçıları öz növbəsində bildirir ki, bu texnologiyalar diaqnoz qoymaq üçün nəzərdə tutulmayıb.
Seçilən
0
moderator.az

1Mənbələr