“Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində İkinci Dünya müharibəsinin iştirakçısı Qaflan Ömərov deyib.
Müsahibəni təqdim edirik:
– Qaflan müəllim, ömrünüzün neçənci ilindəsiniz və harada dünyaya göz açmısınız?
– 1924-cü ildə Quba rayonunun Ərməki kəndində doğulmuşam.
– Müharibəyə yollananda neçə yaşınız var idi?
– 1942-ci ildə SSRİ ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılmışam. 18 yaşım tamam olmamışdı, könüllü cəbhəyə yollandım. Ön cəbhədə vuruşmuşam.
– Bəs hansı sahədə çalışmaq istəyirdiniz?
– Prokuror olmaq istəyirdim. Lakin müharibə alovlanandan sonra döyüşə qatılmalı oldum.
– Sizin kimi müharibəyə qoşulanlar çox idi?
– Bəli, İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşən vətənpərvər azərbaycanlılar çox idi. Bəzilərinin adlarını unutmuşam. Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər.
– Bəs amalınız nə idi?
– Biz torpaqlarımızı işğal təhlükəsindən qorumaq üçün döyüşürdük. Məqsədimiz düşmənə bir qarış belə torpaq verməmək idi.
– Uğurlu hərbi əməliyyatların sirri nə idi?
– Əsas sirr hər kəsin ortaq amalının olması ilə bağlı idi. Hamı eyni məqsəd üçün mübarizə aparırdı.
– Döyüşdə göstərdiyiniz hünərə görə neçə dəfə təltif olunmusunuz?
– Dəfələrlə təltif olunmuşam. 24 orden-medalım, 100-dən artıq fəxri fərmanım var. Ümummilli lider Heydər Əliyev mənə Bakıda ev, maşın verib, Prezident İlham Əliyev isə hər il pul mükafatı verir.
– Müharibədə hansı çətinlikləri görmüsünüz?
– Müharibə özü elə çətinlikdir. Bəzən yemək-içmək tapa bilmirdik, qaranlıq yollarda irəliləyirdik. Hər anımız təhlükə idi. Başımızı belə ehtiyatla qaldırırdıq.
– Yaralanmısınız?
– 1943-cü il martın 6-da ağır yaralandım. Bir müddət hospitalda müalicə olundum və Qubaya qayıtdım.
– Cəbhədən sonra nə işlə məşğul oldunuz?
– Müxtəlif vəzifələrdə çalışdım.
– Neçə övladınız, nəvə-nəticəniz var?
– Altı övladım, 16 nəvəm, 38 nəticəm var.