Aprelin 23-də İstanbulda baş verən 6.2 bal gücündə zəlzələ illərdir müzakirə mövzusu olan şəhərin mənzil fondunun nə qədər təhlükəli olduğunu bir daha üzə çıxarıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, xüsusilə Fatih və Avcılar kimi tarixi və köhnə binaların sıx yerləşdiyi rayonlarda yaşayan vətəndaşlar narahatlıq içindədir.
Zəlzələdən sonra bir çox insan evlərinə qorxu ilə daxil olur. Lakin torpaq baxımından nisbətən möhkəm hesab edilən bəzi bölgələrdə daşınmaz əmlak qiymətləri artmaqda davam edir. Yeganə istisna şəhərin mərkəzində yerləşən Fatih rayonudur.
Fatihdə əmlakçılıq fəaliyyəti göstərən Ali Şənel vəziyyətin ciddiliyini belə izah edib:
“Bölgədəki bir çox bina artıq ömrünü başa vurub. Hazırda köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 15-20 min TL arasında, satış qiymətləri isə orta hesabla 3 milyon TL civarındadır”.
Fatihin Kocamustafapaşa məhəlləsində fəaliyyət göstərən digər bir əmlakçı Kadir Yılmaz isə bildirib:
“İnsanlar qorxurlar, lakin maddi vəziyyət onları köhnə binalarda yaşamağa məcbur edir. Yeni tikililərdə 2 otaqlı mənzillərin kirayəsi 40-45 min TL civarındadır. 50 ildən artıq yaşı olan binalarda isə bu rəqəm 15-20 min TL arasında dəyişir. Yeni mənzillərin satış qiyməti 6 milyon TL-yə qədər yüksəlib”.
Zəlzələdən sonra diqqət çəkən digər bir rayon isə Avcılardır. 1999-cu il Marmara zəlzələsində ciddi dağıntılar yaşayan bu bölgədə illərdir şəhər yenidənqurma layihələri həyata keçirilsə də, hazırkı tədbirlər kifayət qədər effektiv deyil. İlçədəki binaların təxminən 45%-i 1980-ci ildən əvvəl tikilib və çoxu hələ də istifadə olunur.
Avcılarda əmlakçılıqla məşğul olan Mine Güncavar Çağlın bildirib: “Ambarlı, Cihangir və Denizköşkler məhəllələri zəif torpaq quruluşuna malik ən riskli bölgələrdir. Rayon daxilində kirayə qiymətləri 15 min TL-dən başlayaraq 70 min TL-yə qədər yüksəlir. Satış qiymətləri isə mənzilin xüsusiyyətlərinə görə 2 milyon TL ilə 5 milyon TL arasında dəyişir”.
Kandilli Rəsədxanası və İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən aparılan torpaq və bina analizləri göstərir ki, İstanbulda təxminən 6 milyon yaşayış evi mövcuddur və bu evlərin böyük hissəsi 2000-ci ildən əvvəl inşa edilib. Bu da onları zəlzələyə qarşı daha zəif edir.
Elm adamlarının və ekspertlərin araşdırmalarına əsasən, İstanbulda zəlzələ riskinin ən yüksək olduğu rayonlar arasında Avcılar, Fatih, Beyoğlu, Beykoz, Zeytinburnu, Esenler, Küçükçekmece, Tuzla və Beylikdüzü yer alır. Fatih, Beyoğlu və Beykoz kimi tarixi ərazilərdə 1980-ci ildən əvvəl tikilmiş binalar çoxluq təşkil edir və bu binaların inşaat keyfiyyəti zəlzələyə qarşı dayanıqlı deyil.
Musavat.com