Naxçıvan, 9 may, Nail Əsgərov, AZƏRTAC
Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş kitab festivalı başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival üç gün davam edəcək.
Naxçıvan Kitab Festivalında 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab mütaliəsevərlər üçün satışa çıxarılıb. Tədbir elə ilk gündən həm yerli əhalinin, həm də ölkəmizin digər yerlərindən gələn, eləcə də xarici qonaqların böyük marağına səbəb olub.
Festival iştirakçıları, tanınmış yazıçılar kitab bayramı ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, festival çərçivəsində bu gün tanınmış yazıçılarla “Oxu saatları” təşkil olunacaq. Növbəti günlərdə isə imza günləri, panel müzakirələr və seminarlar keçiriləcək. Mayın 10-u axşam saatlarında isə konsert proqramı təşkil olunacaq və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
“Naxçıvan tarixən Azərbaycan ədəbiyyatına böyük simalar bəxş edib. Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, Mirzə Cəlil kimi. Bu gün də Naxçıvandan olan çox dəyərli, istedadlı şairlər, yazıçılar var. Bu gözəl ədəbiyyat torpağında, ANAİB-in çətiri altında kitab festivalının keçirilməsi fikirləşirəm ki, təkcə Naxçıvanın deyil, ümumiyyətlə bütün ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir. Əlbəttə ki, bu, ilk növbədə Naxçıvanın mədəni mühitində kitaba olan marağı artıracaq. Mən fikir verdim, səhər saatlarından insanlar buraya axın-axın gəlir. Sevindirici haldır ki, onların arasında xüsusən də gənc, yeniyetmə, balaca oxucularımız var", - deyə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə ANAİB-in çətiri altında 22-ci kitab festivalı keçirilir və onlardan ikincisi gözəl Naxçıvan torpağında, əlamətdar günlərdən birinə - Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edir.
“Artıq dördüncü dəfədir ki, Naxçıvana səfər edirəm. Bu qədim diyarı hər səfərimdə daha yaxından tanımağa çalışır və hər dəfə buradan xoş təəssüratlarla ayrılıram. Budəfəki səfərim zamanı şəhərin bir sıra görməli yerlərində oldum və Naxçıvan sakinlərinin mehribanlığına, qonaqpərvərliyinə bir daha şahidlik etdim”, - deyə tanınmış yazıçı Elxan Elatlı qeyd edib.
Yazıçı bildirib ki, bu cür tədbirlər cəmiyyətin mədəni səviyyəsini göstərir və burada iştirak edənlər elmə, ədəbiyyata, kitaba dəyər verən ziyalılardır: “Kitab festivalının keçirilməsi çox sevindirici haldır. Çünki buraya üz tutan insanlar kitabı sevən, ziyalı təbəqədən olan şəxslərdir. Mən gəzdiyim bölgələrdə də hər zaman qeyd etmişəm ki, Naxçıvanda kitaba və yazıçıya xüsusi hörmət var. Naxçıvanda kitab oxuyanların sayı çoxdur və bu, sevindirici bir göstəricidir. Belə tədbirlərin tez-tez keçirilməsini arzulayıram. Çünki bu, mənə naxçıvanlı oxucularımla daha çox görüşmək imkanı yaradır.”
“Qədimqala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu isə deyir ki, artıq nəşriyyat olaraq ikinci dəfədir Naxçıvanda keçirilən kitab festivalında iştirak edirlər. “Hər mənada naxçıvanlıların kitab sevgisindən çox məmnunuq. Çünki onların bu sevgisi bizi yenidən, ikinci dəfə keçirilən festivala gətirdi. Həm ötən il, eləcə də indi, insanların kitaba olan marağını, onların kitabla olan ünsiyyətini, xüsusən də valideynlərin övladlarını götürüb bu sərgiyə gəlmələri həqiqətən də bizə çox xoş təsir bağışlayır. Əminik ki, bu festivalların sayı çox olacaq və nəinki Naxçıvanda, bütün bölgələrimizdə kitablı günlər, kitab bayramları daha çox keçiriləcək”, -deyə o əlavə edib.
Qeyd edək ki, sayca ikinci dəfə keçirilən Naxçıvan Kitab Festivalı mayın 11-də yekunlaşacaq, üç gün müddətində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, maraqlı fləş-mob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.