Yaşlı şəxslərin ordu və polis xidmətinə cəlb edilməsi ölkədə gənc kadr çatışmazlığının göstəricisidir
Ermənistan ordusu və polisi xidmətə qəbul üçün 35 yaş həddini ləğv etmək istəyir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, bu məsələ hökumətin iclasında müzakirə edilib: “Polis orqanlarında xidmət haqqında” Qanuna dəyişiklik layihəsi təsdiq edilib, ona əsasən hüquq-mühafizə orqanlarında məhdudiyyətlər aradan qaldırılacaq”. Ermənistan daxili işlər naziri Arpin Sərkisyan bələdiyyə polisində hələ də təxminən 700 nəfərin çatışmadığını deyib: “Bununla əlaqədar nazirlik bütün maraqlı şəxslərdən (polis xidmətində təcrübəsi olan və ya olmayan) ərizə qəbulu elan edilməsini təklif edir. Ərizəçi xidmət standartlarına cavab verirsə, ondan polis akademiyasında hazırlıq kursu keçməsi tələb olunacaq”. Ermənistanın Baş naziri Nikol Paşinyan isə müqavilə ilə hərbçilərin orduya qəbuluna qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edib: “Mayor 40 yaşında xidmət edə bilərsə, niyə müqavilə ilə sıravi əsgər ola bilməz? İlk növbədə, bir insanın yaşı və hətta boyu deyil, funksional uyğunluğunu qiymətləndirmək lazımdır”.
Sözsüz ki, Ermənistan hökumətinin ordu və polis xidmətinə qəbulda 35 yaş həddinin ləğvini nəzərdə tutan təşəbbüsü, əslində, ölkədəki dərin struktur böhranının və kadr çatışmazlığının etirafıdır. Bu qərar, bir tərəfdən yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması kimi təqdim edilsə də, əslində, Ermənistanda gənc və ixtisaslı kadrlara çıxışın getdikcə çətinləşdiyini ortaya qoyur.
35 yaşdan yuxarı şəxslərin hərbi və polis xidmətinə cəlb olunması, Ermənistan cəmiyyətində orduya və polisə münasibətin soyuq və məsuliyyətsiz olduğunu göstərir. Gənclər ya ölkədən gedir, ya da hərbi xidmətdən yayınırlar. Dövlət isə bu boşluğu yaşlı nəsillə doldurmağa çalışır.
Ermənistan rəhbərliyinin bu qərarı, əslində, ölkənin təhlükəsizlik sistemində dərinləşən böhranı ört-basdır etmək üçün atılmış reaktiv addımdır. 2020-ci il müharibəsindən sonra orduya olan etimad ciddi şəkildə sarsılıb. Nəticədə, peşəkar hərbiçilərin çoxu ya istefaya gedib, ya da sistemdən uzaqlaşıb.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan hökumətinin 35 yaş məhdudiyyətini ləğv edərək yaşlı şəxsləri ordu və polis xidmətinə cəlb etməyə çalışması ölkədə gənc kadr çatışmazlığının göstəricisidir:

“Bu da əhalinin sayı və demoqrafik tərkibi ilə birbaşa bağlıdır. Ermənistan hökumətinin ordu və polisə qəbulda 35 yaş həddini ləğv etmək istəyi bir daha sübut edir ki, bu ölkə ciddi kadr böhranı yaşayır. 44 günlük Vətən müharibəsində aldıqları sarsıdıcı məğlubiyyətlər, əhali, xüsusən də gənclər arasında dövlətə, orduya və polisə inamsızlıq yaradıb, güvənləri sarsılıb. Gənclər sistemdən uzaqlaşır, vətənə xidmət etmək istəmir, çünki öz dövlətlərinə və rəhbərliklərinə güvənmirlər. Ermənistanın təhlükəsizlik strukturları indi sadəcə baş sayını artırmaq üçün keyfiyyətsiz və ya funksional imkanları məhdud olan şəxslərə yönəlir”.
İ.Hüseynovun sözlərinə görə, bu cür qərarlar strateji planlamanın yoxluğunun, idarəçilik böhranının və daxili inamsızlığın nəticəsidir. Ermənistan hökuməti bu yolla problemi həll etmir, sadəcə, üstünü örtür:
“Yaşlı şəxslərin xidmətə cəlb olunması funksional baxımdan nə qədər əsaslandırılsa da, bu insanların psixoloji və fiziki dayanıqlılığı, həmçinin uzunmüddətli xidmətə motivasiyası sual altındadır. Sadəcə, say artımı keyfiyyətli kadr demək deyil”.