“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino Avropa Konfrans Liqasının yarımfinalının “Betis”lə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda səfərdən 1:2 hesablı məğlubiyyətlə qayıtmış “bənövşələr”, evdə 2:2 (əsas vaxt 2:1) hesablı heç-heçə ilə barışaraq, finala yüksələ bilməyiblər.
Raffaele Palladino matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Mən təəssüflənirəm, çünki biz oyunun gedişatına nəzarət edirdik. Amma bizim, hələ, milli çempionatda iştirakımız davam edir. Bu gün isə mən, çox güman ki, yata bilməyəcəyəm. Biz bu pərişanlığı tezliklə yaşayıb ötməliyik. Final uğrunda mübarizə aparanda, ən xırda xüsuslara da diqqət yetirmək gərəkdir, bizdə isə bu, alınmadı” – “Fiorentinanews.com” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Konfrans Liqasının finalına yüksəlmiş “Betis” həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. Final oyunu Polşanın Vrotslav şəhərinin eyni adlı stadionunda keçiriləcək.