AZ

Günün anti-adamları...

Bu gün Kremldə əl sıxaraq şəkil çəkdirdilər. Sifətlərinə baxın. Hər ikisinin üzündən-gözündən idbarlıq, hiyləgərlik, səmimiyyətsizlik yağır. Bədən dili siqnalları Putini də, Paşinyanı da dərhal ələ verir.

Uzun müddət Moskvanı iqnor edən, Putinin əsəbləri ilə oynayan, ikibaşlı siyasət yürüdən Ermənistanın baş naziri Nikol Paşinyan Baydenin siyasi səhnədən gedişi ilə qlobal dünya düzənində köklü dəyişikliklər baş verən kimi dərhal yenidən Rusiyaya üz tutmaq qərarına gəldi. Paşinyanın İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskva getməsi də əslində Putinlə korlanmış münasibətləri düzəltmək məqsədinə xidmət edir.

Onun bu gün Kremldə Vladimir Putinlə əl sıxaraq şəkil çəkdirməsi Ermənistan nümayəndə heyətində budəfəki Moskva səfərinin uğurlu keçəcəyinə kövrək ümid yaradır.

Bu arada Rusiya və Ermənistanın ekspert camiəsi də sanki eyni mənbədən tezis alıblarmış kimi rəsmi İrəvanın Moskva ilə əlaqələri pozmaq yox, əksinə, gücləndirmək kursuna üstünlük verməli olduğunu bildirirlər.

Hərçənd ki, Rusiyanın hətta bundan sonra da Ermənistana qarşı "hibrid müharibə"ni davam etdirəcəyini proqnozlaşdıranlar da az deyil.

Bu arada İlham Əliyevin Moskvadakı parada qatılmamaq qərarı da Rusiya, Ermənistan və Ukrayna ekspertləri tərəfindən sıx-sıx müzakirə edilməkdədir. Azərbaycana qarşı toksik mövqeyilə fərqlənən Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin isə fürsətdən istifadə edərək erməni jurnalistlərinə müsahibəsində Azərbaycanın Rusiyanın müttəfiqi olmadığını bildirib: "Azərbaycan mənim fikrimcə, Rusiyanın Cənubi Qafqazda müttəfiqi deyil. Azərbaycan Türkiyənin müttəfiqidir - nəinki Cənubi Qafqazda, ümumiyyətlə".

Zatulin hələ də anlaya bilmir ki, Rusiya özünü doğru-düzgün müttəfiq kimi apara bilmirsə, Azərbaycan birtərəfli qaydada real müttəfiq kimi davranmağa borclu deyil.

P.S. Türkiyə ilə müttəfiq olmağımız isə, göründüyü kimi, Rusiyanın siyasi elitasını heç cürə rahat buraxmır.

Seçilən
0
vaxt.az

1Mənbələr