AZ

Lisey və gimnaziya şagirdləri niyə daha yüksək bal toplayır?

“Gimnaziya və liseylərdə müəyyən bir sinifdən sonra şagirdlər ixtisas qrupu üzrə hazırlaşır. Buna görə də onların digər dövlət məktəblərində təhsil alan şagirdlərdən daha yüksək nəticə əldə etməsi müşahidə olunur".

 

Bu sözləri təhsil eksperti Adil Vəliyev AzEdu.az-a mövzu ilə bağlı fikirlərini bildirib.

 

“Son bir neçə ilin statistikası göstərir ki, gimnaziyalarda təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanlarında daha yüksək nəticə əldə edirlər. Burada əsas faktor həmin şagirdlərin özlərinin sistemli şəkildə hazırlaşmasıdır. Çünki, əgər bir şagirdin ali təhsil almaq marağı varsa və bu məqsədlə planlı şəkildə hazırlaşırsa, təbii ki, daha uğurlu nəticə əldə edir”.

 

Ekspert qeyd edib ki, bu uğurun əsas səbəbi şagirdlərin sistemli şəkildə hazırlaşması olsa da, təhsil aldıqları müəssisələrin də rolu böyükdür:

 

“Ancaq digər tərəfdən, həmin təhsil müəssisələrinin də demək olar ki, rolu az deyil. Diqqət etsək görərik ki, gimnaziya və liseylərdə müəyyən bir sinifdən sonra şagirdlər ixtisas qrupu üzrə hazırlaşmağa başlayırlar. Buna görə də onlar digər dövlət məktəbi şagirdlərindən daha yüksək nəticə əldə edirlər.

 

Dövlət məktəbində təhsil alan bir abituriyent, məsələn, 9-cu sinifdə 3-cü qrup üzrə hazırlaşsa belə, yenə də digər fənləri öyrənmək məcburiyyətində qalır. Belə ki, məktəbdəki göstəriciləri də yüksək olmalıdır. Bu isə onun əlavə yük daşımasına səbəb olur".

 

Adil Vəliyev bildirib ki, bəzi dövlət məktəblərində bu sistem artıq tətbiq olunmağa başlanılıb:

 

“Fikrimcə, bu yaxın gələcəkdə digər dövlət məktəblərində də tətbiq olunacaq. Məsələn, 8-ci sinifdən sonra şagird öz ixtisas qrupunu seçə və 9, 10 və 11-ci siniflərdə yalnız həmin ixtisas qrupu üzrə dərindən hazırlaşa bilər. Bu da həmin abituriyentin daha yüksək bal toplamasına səbəb ola bilər".

Seçilən
0
azedu.az

1Mənbələr