AZ

Türkiyə ABŞ-ı oyundan kənarlaşdırdı – Ankara və Pekin səhnəyə çıxır

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin son açıqlaması Ukrayna-Rusiya müharibəsində vasitəçilik məsələsini yenidən gündəmə gətirib. Onun fikrincə, əgər ABŞ-ın münaqişəyə son qoymaq üçün apardığı vasitəçilik səyləri nəticə verməzsə, Türkiyə və Çin Xalq Respublikası da bu rolu üzərinə götürə biləcək potensial ölkələr sırasındadır. Qeyd edək ki, xüsusilə Türkiyə daha əvvəl bu istiqamətdə təşəbbüs göstərmiş, lakin prosesin davamı gəlməmişdi. Çin isə Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə baxmayaraq, neytral ritorika ilə çıxış edir.

ABŞ vasitəçilik rolunu asanlıqla təhvil verəcək? Çin və Türkiyənin təşəbbüsləri münaqişənin həllinə real töhfə verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, vasitəçilik rolunda hər iki tərəfin qəbul etdiyi ölkə, şəxs çıxış etməlidir:

“Məsələn, Amerika Birləşmiş Ştatları, Co Biden dövründə bu rolu yerinə yetirə bilməzdi. Niyə? Çünki Biden administrasiyası tam şəkildə Ukraynanı dəstəkləyir və Rusiyanı düşmən dövlət kimi görürdü. Lakin Donald Trump hakimiyyətə gəldikdən sonra ritorika dəyişdi və o, tamam fərqli mövqedən çıxış etməyə başladı. Bu səbəbdən müəyyən dərəcədə vasitəçilik imkanı yarandı, lakin tammiqyaslı nəticələr əldə olunmadı.

İndiyədək əldə olunmuş iki əsas razılaşma var. Birincisi, əsir mübadiləsidir ki, bu çərçivədə Ukraynanın məşhur Azov batalyonunun döyüşçüləri də geri qaytarılıb. İkincisi isə taxıl sazişidir. Hər iki razılaşma Türkiyənin vasitəçiliyi ilə baş tutub. Bu səbəbdən Türkiyənin münaqişədə vasitəçiliyi həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılanır. Əlbəttə, Rusiyada bəzi dairələr əsasən hərbi elitanın daxilində olanlar Türkiyəni rəqib dövlət kimi görür və onun vasitəçiliyinə müsbət yanaşmırlar.

zeynal

Zeynal Əmrəliyev

Tarixi kontekstdə Krım bir zamanlar Osmanlı dövlətinin nəzarətində olub və bu bölgədə türk-osmanlı mirası qalmaqdadır. Bu amil də Rusiyada bəzi çevrələrin Türkiyənin roluna qarşı çıxmasına səbəb olur. Lakin bu, Ukrayna üçün sərfəli bir vasitəçilik formasıdır. Türkiyə Prezidenti Ərdoğanın siyasi nüfuzu və ölkənin aktiv xarici siyasəti bu rolu daha da gücləndirir”.

Politoloqun sözlərinə görə, ikinci potensial vasitəçi Çindir:

“Çin, açıq şəkildə Ukraynanı dəstəkləyən ölkədir. Buna baxmayaraq, Rusiya ilə yaxşı münasibətləri olduğuna görə, Çin müəyyən mənada vasitəçi rolunu oynaya bilər. Lakin belə vasitəçilik nə ABŞ-a, nə də Qərb dünyasına sərf edir.

Türkiyənin vasitəçiliyinə isə hər iki tərəf daha açıqdır. Amma burada da Qərbin və ABŞ-ın Türkiyənin rolunu dəstəkləməsi vacibdir. Əgər Qərb bunu açıq şəkildə dəstəkləsə, həm Rusiya, həm də Ukrayna Türkiyənin vasitəçiliyini qəbul edə bilər. Çinin vasitəçiliyi isə həm siyasi, həm də emosional səbəblərlə daha az ehtimal olunur”.

Seçilən
0
turkustan.az

1Mənbələr