“Kaş ki, Azərbaycan ordusu da həmin parada qatılmayaydı...”
"O ki qaldı Rusiya rəhbərlinin, Putinin bundan qəzəblənməsinə, buna qarşılıq olaraq hansı addımlar atacağına, getsin lap qəzəbindən partlasın Putin..."
Məlum olduğu kimi, Azərbaycan dövlət başçısı İlham Əliyev müəyyən səbəblərdən Rusiyanın işğalçı diktatoru Vladimir Putinin rəhbərlliyi ilə Moskvada keçiriləcək Hitler faşizmi üzərində qələbənin 80 illiyi ilə bağlı parada qatılmaqdan imtina etdi. Görəsən, Rusiya rəhbərliyi bunun qarşılğı olaraq Azərbaycana qarşı hansısa addımlar atmaq fikrinə düşməz ki?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mİrəlioğlu bunları söyləyib:
“İlham Əliyevin Moskvaya – 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı. Biz Klassik Azərbaycan Xalq Cəhbəsi olaraq Azərbaycan rəhbərinin mayın 9-da Rusiya paytaxtına yollanacağı, eyni zamanda Azərbaycan hərbçilərinin də orada keçiriləcək hərbi paradda iştirakı barədə xəbərlər çıxan ilk günlərdən bu mövzuda qərar qəbul edib ölkə başçısına ünvanlamışıq. İlk olaraq bildirmişik ki, bizim qalib ordunun əsgərləri Putinin paradında, onun işğalçı ordusuyla yan-yana addımlamamalıdır. Ondan sonra da dövlət başçısının da Moskvaya həmin tədbirə yollanacağı haqda konkret informasiyalar yayılanda yenə də partiyanın idarə heyəti adından Prezidentə müraciət ünvanladıq. Və nəhayət, İlham Əliyevin 9 may paradında iştirak etməmək barədə qərar verməsi çox normal hal kimi qarşıladıq. Amma kaş ki, Azərbaycan ordusu da həmin parada qatılmayaydı...
O ki qaldı Rusiya rəhbərlinin, Putinin bundan qəzəblənməsinə, buna qarşılıq olaraq hansı addımlar atacağına, getsin lap qəzəbindən partlasın Putin...
...Tarixən bu gün dünyada məşhur olan Kremli tikən Azərbaycan övladı Əliş Sübhan oğli Kərəmli tikib və oradakı ilk qurban da elə özü olub. Və bundan sonrakı tarixlərdə Rusiya imperiyasının Azərbaycana münasibəti bəllidir. Və biz KAXCP olaraq 10 noyabr 2020-ci il bəyanatından sonra da rəhbərliyə müraciət etmişik ki, Azərbaycanın Rusiya üçün , Rusiyanın da Azərbaycan üçün etdiklərini müəyyən etmək üçün bir dövlət komissiyası yaradılsın və komissiyaya dövlət başçısı özü rəhbərlik etsin. Təəssüf ki, bu müraciətlərimiz diqqətə alınmayıb. Lakin zaman belə yanaşmanın yanlış olduğunu göstərdi...
Ötən il dekabrın 25-də Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsi vuruldu. Özü də planlı şəkildə vuruldu. Əslində vurulan yalnız bizim sərnişin təyyarəsi deyildi. Bu həm də prezident İlham Əliyevə qarşı da bir qəsd idi... Rusiya rəhbərliyinin məsələyə bilərəkdən laqeyd münasibəti göz qabağındadır. Hazırda 9 may məsələsi də öz aktuallığını itirib. Bilirisiz ki, 1939-1945-ci illər ərzində Azərbaycandan cəbhəyə göndərilən soydaşlarımızın sayı 630 min olub... Hələ o zaman keçmiş SSRİ-nin digər ərazilərində olan azərbaycanlıları da bunun üzərinə gəlsək, birlikdə təxminən 700 min insanımız iştirak edib. Amma onlardan geriyə cəmi 100 minə yaxını qayıdıb... Bundan əlavə, hər kəsin bildiyi bir tarixi fakt var ki, 1945-ci il mayın 8-də Reyxstaq üzərinə qələbə bayrağını Azərbaycan zabiti sancıb. Ancaq sonradan Stalinin göstərişi ilə həmin zabit güllələnib və ertəsi gün guya bir gürcü, bir rus və s. hərbçinin əliylə bayraq qaldırılıb. Halbuki, əslində Hitler faşizmi üzərində qələbə bayrağı bir gün öncə azərbaycanlı zabit tərəfindən ucaldılıb. Təəssüf ki, Kremldən qaynaqlanan siyasət belə idi ki, Azərbaycanı SSRİ-nin faşizm üzərində qələbəsinin əsas içtirakçısı, təminatçısı kimi yox, sadəcə öz bildikləri kimi, sıradan bir iştirakçı kimi təqdim etsinlər. Buna görə də Azərbaycan əsgərinin həmin stalinizmlə eyni ideyaları, Azərbaycana eyni münasibəti daşıyan Putinin rəhbərliyi altındakı paradda iştirakı yolverilməz idi...
Bir sözlə, Rusiya imperiyası daim Azərbaycan xalqına qarşı düşmən siyasəti aparıb və heç vaxt bu siyasətdən əl çəkməyib. Azərbaycanda da kimlərsə əsil mənada özlərini Rusiya rejiminin dostu hesab edirsə, deməli, onlar da xalqımızın dostu deyil, düşmənidir...”
Təqdim etdi:
Sultan Laçın