AZ

Sığorta dəyərini kim qiymətləndirir? - Palata sədrindən CAVAB

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sığorta sahəsində bir neçə müxtəlif peşəkar fəaliyyət istiqamətləri mövcuddur. Bu fəaliyyətlərdən ikisi – müstəqil ekspert və qiymətləndirici xüsusilə əhəmiyyətə malikdir.

Bəs bu iki peşə arasında hansı fərqlər mövcuddur və hansı hallarda onlardan istifadə olunmalıdır?

Mövzu ilə bağlı Modern.az-ın suallarını Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov cavablayıb.

- Müstəqil ekspert kimdir və nə iş görür?

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (maddə 1.1.9-1 və 1.1.9-2), müstəqil ekspert aşağıdakı işləri yerinə yetirə bilər:

- Sığorta risklərinin qiymətləndirilməsi;
- Sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyənləşdirilməsi;
- Sığorta hadisəsinin araşdırılması.

Bu fəaliyyəti həm fiziki, həm də hüquqi şəxs yerinə yetirə bilər. Müstəqil ekspertlər əsasən sığorta hadisəsi baş verdikdən sonra prosesə cəlb olunurlar. Eyni zamanda, sığorta müqaviləsi bağlanmazdan əvvəl risklərin müəyyənləşdirilməsi üçün də onların xidmətindən istifadə oluna bilər. Daha dəqiq desək, sığorta müqaviləsi bağlanmazdan əvvəl, yəni sığortalama prosesi başlamazdan əvvəlki mərhələdə, mövcud olan risklərin müəyyənləşdirilməsi, yəni sığortalamaq istənilən obyekt, şəxs, hadisə və ya fəaliyyətlə bağlı təhlükələrin, zərəryetmə ehtimallarının və mümkün risk faktorlarının araşdırılması prosesi həyata keçirilir. Bu risklərin müəyyən olunması üçün xüsusi mütəxəssis və ya təşkilatların xidmətlərindən istifadə oluna bilər.

Qanunun 11.2.6-cı maddəsinə əsasən, sığorta şirkətləri bu sahədə həm öz mütəxəssisləri, həm də müstəqil ekspertlər vasitəsilə yardım göstərə bilərlər.

- Qiymətləndirici kimdir və hansı hallarda müraciət edilir?

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna görə (maddə 4.1.8), qiymətləndirici istənilən növ əmlakın bazar dəyərini, riskləri və dəymiş zərəri qiymətləndirmək səlahiyyətinə malikdir.

- Bəs sığorta dəyəri nədir?

Sığorta dəyəri bir əmlakın (mülkiyyətin) sığorta olunarkən (sığortadan əvvəl) onun tam və ya bərpa dəyərinin müəyyən edilməsi nəticəsində formalaşan məbləğdir. Bu dəyər, sığorta hadisəsi (məsələn, yanğın, sel, oğurluq və s.) baş verdikdə əmlak sahibinə ödəniləcək maksimum kompensasiyanın hesablanması üçün əsas götürülür.

Sığorta dəyərinin hesablanması əmlakın bərpa dəyərinə əsaslanır və əmlakın yenisi ilə əvəz olunması və ya əvvəlki vəziyyətə gətirilməsi üçün lazım olan xərcləri özündə əks etdirir. Sığorta dəyəri bazardakı real satış dəyərindən fərqli ola bilər. Dəyərin məqsədi sığortaçının riskini və sığorta olunanın hüququnu balanslaşdırmaqdır.

- Belə olan halda sığorta dəyərini kim qiymətləndirir?

- Azərbaycanda qiymətləndirmə fəaliyyətinin aparılması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir və sığorta dəyərinin təyini də bu qanun çərçivəsində akkreditə olunmuş qiymətləndiricilər tərəfindən aparıla bilər. Peşəkar qiymətləndirici xüsusilə daşınmaz əmlak, avadanlıq, nəqliyyat vasitələri və digər aktivlər üçün və ya müstəqil qiymətləndirmə təşkilatları obyektiv və neytral dəyər üçün sifariş edilir (xüsusilə hüquqi və kommersiya əhəmiyyətli hallarda).

Bir sözlə, bu fəaliyyət yalnız Qiymətləndiricilər Palatasının üzvü olan qiymətləndiricilər və ya üzv ixtisaslaşmış qiymətləndirmə təşkilatları tərəfindən həyata keçirilə bilər.

Əgər sığorta müqaviləsi bağlanmazdan əvvəl əmlakın bazar və ya sığorta dəyərinin müəyyən olunması tələb olunursa, bu zaman yalnız qiymətləndiricinin rəyi hüquqi baxımdan əsaslı və qəbul edilən hesab olunur. Çünki bu fəaliyyət birbaşa “qiymətləndirmə fəaliyyəti”nin predmeti sayılır.

- Nəticədə hansı hallarda kimə müraciət etməli?

- Sığorta hadisəsindən əvvəl, əmlakın dəyəri müəyyən edilməlidirsə – qiymətləndirici və ya qiymətləndirmə təşkilatına müraciət edilməlidir. Sığorta hadisəsi baş verdikdən sonra zərərin dəyərləndirilməsi və ya risklərin araşdırılması tələb olunursa – bu zaman müstəqil ekspertin xidməti uyğundur. Bu yanaşma həm qanunvericiliyin tələblərinə uyğundur, həm də sığorta prosesində şəffaflığı və ədalətliliyi təmin edir.

Seçilən
0
modern.az

1Mənbələr