1945-ci ilin 9 mayında faşist Almaniyası üzərində qazanılmış Qələbəni heç kim və heç bir ölkə birtərəfli qaydada özününküləşdirə bilməz, öz inhisarı altına ala bilməz. Bu Qələbəni Rusiyanın adına çıxmağa çalışanlar, digər xalqların bu Qələbədəki payını, töhfəsini göz ardı etmək istəyənlər də ciddi şəkildə yanılırlar. Çünki bu Qələbə hamımızın birgə Qələbəmizdir. Azərbaycan xalqının da alman faşizmi üzərində Qələbənin qazanılmasında böyük rolu, töhfəsi olub. Bu Qələbənin arxasında yüzminlərlə azərbaycanlı şəhidin qanı, Azərbaycan neftçilərinin də fədakarlığı dayanır.
İkinci Dünya müharibəsinin gedişində 300 mindən çox Azərbaycan ailəsinə qara xəbər gəlmişdi. Həmçinin, Berlini fəth edən diviziyalardan biri də Azərbaycan hərbçilərindən ibarət əfsanəvi 416-cı Taqanroq diviziyası idi. Həzi Aslanov, Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Gəray Əsədov, Məlik Məhərrəmov, Qafur Məmmədov kimi yüzlərlə qəhrəman oğullarımızın şücaəti, rəşadəti bu Qələbəyə öz əbədi damğasını vurub. Həmin vaxt dünyanın neft paytaxtı sayılan Bakı şəhəri bu müharibədə özünü əsl Qəhrəman şəhər kimi təsdiqlədi.
Bu mənada, bizim tam haqqımız çatır ki, Azərbaycanımızı 9 May Qələbə gününün həmmüəlliflərindən biri hesab edək. Odur ki, bu gün Moskvada Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən Qələbə paradında Azərbaycan hərbçilərinin də keçid etməsi tamamilə təbii qəbul edilməlidir. Mən o hərbçilərimizlə qürur duydum. Onların bu paradda mətin addımlarla keçid etməsi faşizm üzərində tarixi Qələbədə Azərbaycanın da payının olduğunu həm ruslara, həm də bütün dünyaya duyurmağın parlaq nümunəsi oldu. Bəli, bu gün dünya Qalib Azərbaycan Ordusunun səsini, əzmini, zəhmini görməli, duymalıydı. Bu, həm də İkinci Dünya müharibəsində həlak olan soydaşlarımıza hörmət və ehtiramımızın ifadəsi idi.
İndi o böyük Qələbə günündən artıq 80 il keçir. Həmin müharibənin iştirakçısı olmuş və ya arxa cəbhədə fəaliyyət göstərmiş insanlarımızın sayı il-ildən azalır. Lakin onların fədakarlığı, qəhrəmanlıqları heç vaxt unudulmur. Qələbənin canlı şahidlərinə göstərilən hörmət qədirbilən xalqımızın tarixinə böyük ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamla müharibə iştirakçılarına və onların ailələrinə dövlətimizin diqqət və qayğısının davam etməsi də yüksək qiymətləndirilməlidir.
Vaxtilə Böyük Vətən Müharibəsi adlandırdığımız İkinci Dünya müharibəsində xalqımızın oğul və qızlarının göstərdiyi qəhrəmanlıq, aradan düz 75 il keçəndən sonra, 44 günlük İkinci Qarabağ müharibəsində özünü bir daha təsdiqlədi. Şuşanın işğaldan azad edilməsi zamanı Xüsusi Təyinatlılarımızın misilsiz şücaəti isə xalqımızın döyüş ruhunü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı İkinci Dünya müharibəsində alman faşizminə qarşı göstərdiyi mübarizə əzmini İkinci Qarabağ müharibəsində erməni faşizminin başını Dəmir Yumruğu ilə əzməklə bir daha bütün insanlığa göstərdi. Allah xalqımızın döyüş və azadlıq ruhunu heç vaxt əskiltməsin. Şəhidlərimizin ruhları şad olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri