AZ

Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı

Fazil Mustafa vurğulayıb ki, müxalifətdə olan şəxslər belə Heydər Əliyevin siyasətini sonradan başa düşdü
 
“Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik"
 
 
Dünən Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasımıza xüsusi əhəmiyyət verir. Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir: “Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir. Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun təcəssümünə çevrilən fəaliyyəti ilə qırılmaz sürətdə bağlıdır. Ulu Öndər xalq və dövlət yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq”. 

Spiker qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı:
 “Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, prezident seçilməsi hadisələrin qarşısını almağa, ölkədəki vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və zəngin dövlətçilik təcrübəsi ilə qardaş qırğınının qarşısını almağa, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail oldu. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamız dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər”. Daha sonra “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında Heydər Əliyevin uzaqgörənliyindən danışıb. Partiya sədri vurğulayıb ki, müxalifətdə olan şəxslər belə Heydər Əliyevin siyasətini sonradan başa düşdü: 
"Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı. Müstəqillik dövründə xarici təhdidlərə qarşı çıxış yollarını axtaranda, Heydər Əliyev neft müqavilələri ilə məsələləri həll etdi. Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik".

Milli Məclis sədrinin müavini Əli Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycan Konstitusiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq nümunələrindən biridir:
 "Dahi liderlər xalqa verilən sərvətdir. O, heç bir siyasətçiyə müyəssər olmayanı həyata keçirdi. Xalq heç bir siyasətçini eşitməyəndə, Heydər Əliyevin səsinə səs verdi. Siyasətçilər parçalanmış xalqı birləşdirə bilməyəndə, Ulu Öndər Azərbaycanı birləşdirməyi bacardı. Onun başlatdığı siyasət həm yaşayır, həm də davam etdirilir. Azərbaycan xalqının 30 ilə qədər görmədiyi möhtəşəm qələbəni isə Ulu Öndərin varisi - İlham Əliyev həyata keçirdi. Heydər Əliyev ədalətin təzahürü idi. O, özünə rəva görmədiyini başqasına tövsiyə etməzdi. Heydər Əliyevə hamı hörmət bəsləyir və bundan sonra da bu hörmət davam edəcək. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq", - deyə deputat çıxışında bildirib.

Deputat Vüqar Bayramov isə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtisadi inkişafdan danışıb. O bildirib ki, həmin vaxt büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur. Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu.

Millət vəkili Rizvan Nəbiyev çıxışında bildirib ki, "Əsrin müqaviləsi" olmasaydı, sabitlik də olmazdı:
 “Əgər 31 il əvvəl, elə may ayında Atəşkəs haqqında razılaşma əldə olunmasaydı, ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanmasaydı, ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə də sonrakı illərdə dövlətimizin iqtisadi-maliyyə gücü yaranardı, nə də ki hərbi gücümüz formalaşardı”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında Heydər Əliyev və sosial siyasət məsələlərindən bəhs edib: 
"Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30 faizdən yuxarı olması artıq ənənə halını almışdır". 

Deputat bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial-iqtisadi uğurlara imza atılıb:
 "Qısa müddət ərzində respublikada işsizlik 5 faizə, yoxsulluq isə 5,6 faizə endirildi. İlham Əliyevin rəhbərliyi altında 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılmış, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatmışdır. 2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir".

Deputat Azər Badamov deyib ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəridir: 
"Azərbaycanın ana maddələr toplusu olan Konstitusiyamız da Azərbaycan dövləti və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır".

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, Heydər Əliyevin sədrliyi ilə bağlı qəbul olunan Konstitusiya Azərbaycana qələbə gətirib:
 "Əslində, dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 sentyabr suverenlik savaşı bir millətin, bir ordunun və bir imzanın yaratdığı ən böyük qanun kitabı oldu. Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Ona hücum edənlər, idarəçiliyi tək adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi".
İclasın yekununda Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən xüsusi iclasının bəyanatı qəbul edilib.
Seçilən
0
sherg.az

1Mənbələr