AZ

Paşinyan və Lukaşenko Kremldə qısa görüş keçirib - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Moskvada, Kremldə qısa görüş keçirilib.

Milli.Az-ın məlumatına görə, "Pul Pervoqo" Teleqram kanalı liderlərin görüntülərini yayıb.

Kadrlarda onların səmimi şəkildə söhbət etdiyi əks olunur, baxmayaraq ki, görüş son ayların siyasi gərginlikləri fonunda baş tutub.

Son vaxtlar Ermənistan ilə Belarus arasında münasibətlərdə ciddi soyuqluq müşahidə olunurdu. Gərginliyin əsas səbəbi Lukaşenkonun 2020-ci il Qarabağ müharibəsi ilə bağlı verdiyi açıqlamalar olub. Belarus liderinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi İrəvan tərəfindən narazılıqla qarşılanıb. Paşinyan bu mövqeni əsas gətirərək Ermənistan rəsmilərinə Belarusla yüksək səviyyəli təmasları qadağan edib.

Tənqidçilər hesab edir ki, Paşinyanın bu addımı Ermənistanın regional diplomatiyada getdikcə daha da təcrid olunmasına səbəb olur. KTMT kimi kollektiv təhlükəsizlik platformasında iştirak edən bir ölkənin bu cür ikitərəfli gərginlik yaratması, təşkilatın birliyinə də xələl gətirir. Paşinyan hökuməti bir tərəfdən təşkilatdan şikayətlənir, digər tərəfdən isə üzv dövlətlərlə siyasi körpüləri yandırır.

Ekspertlər bu görüşü, Ermənistan rəhbərliyinin sərt ritorikasına baxmayaraq, reallıqla hesablaşmaq məcburiyyətində qalmasının göstəricisi kimi dəyərləndirirlər. Lukaşenko ilə baş tutan bu qısa dialoq, İrəvanın öz siyasi ritorikasını yumşaltmaq məcburiyyətində qaldığını göstərir.

Kənan
Milli.Az

Seçilən
0
milli.az

1Mənbələr