AZ

Kəşfiyyat: Rusiya 6 aydan sonra bu üç ölkədən birinə hücum edə bilər

BAKI, 9 may. TELEQRAF

Rusiya Federasiyası ildə 1400-dən çox “İskəndər” ballistik və 500 X-101 qanadlı raketi istehsal edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Amerika nəşri yazır ki, Rusiya lideri Vladimir Putin belə yollarla ölkəsini imperiya statusuna qaytarmaq istəyir. Nəşrin materialında bildirilir ki, Kreml sahibinin ritorikası təkcə Ukraynanın deyil, həm də Finlandiya və Baltikyanı ölkələr Latviya, Litva və Estoniyanın suverenliyini şübhə altına alır:

“Müharibə onun üçün hakimiyyəti saxlamaq, nəzarət və cəmiyyəti səfərbər etmək üçün bir vasitədir”.

Nəşr kəşfiyyat mənbələrinə istinadla bildirir ki, Rusiya NATO ilə genişmiqyaslı toqquşmaya hələ hazır deyil, amma 6 aydan sonra Baltikyanı ölkələrdən birinə, daha 2 ildən sonra isə bir neçə ölkəyə qarşı məhdud müharibəyə hazır ola bilər.

ABŞ kəşfiyyatına görə, Ukraynada ciddi itkilər verən Rusiyaya ordusunu yenidən qurmaq üçün 10 il lazımdır. Bu baxımdan Norveç kəşfiyyatının hesablamaları 5-10 il, Ukraynanınkı 5-7 il, Almaniyanın proqnozu isə 5-8 ildir.

Danimarka kəşfiyyatının qənaəti belədir: “Növbəti illərdə Rusiya NATO-ya təzyiq və ya meydan oxumaq üçün hərbi gücdən istifadə etməyə daha çox meylli olacaq”.

Seçilən
0
teleqraf.com

1Mənbələr