AZ

“9 may”a soyuq münasibətimiz, sanki təbiəti də soyuqlaşdırıb...” - Nadir İsrafilov

 
“Qələbə paradı”na qısaqol köynəkdə gedərdik, indi isə hələ də əlavə üst geyimdən çıxa bilmirik".
 
Bu sözləri Moderator.az-a təhsil eksperti Nadir İsrafilov bildirib. O daha sonra əlavə edib:
 
“Mən o müharibəni görməmişəm. Əlbəttə “Böyük Vətən müharibəsi”ni nəzərdə tututuram. Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda “20-ci posyolok” deyilən ərazidə neft mədənlərində işləyirdi. Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Heft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində neftçilər üçün taxtadan quraşdırılmış “finski barak” deyilən iki yanaşı yataqxanalarin birində, böyüdük, ərsəyə yetdik. Bircə onu xatırlayıram ki, “Qələbə paradı”na qısaqol köynəkdə gedərdik, indi isə hələ də əlavə üst geyimdən çıxa bilmirik.
 
Neçə illər keçməsinə baxmayaraq, hər “9 may” gələndə, sanki, özümü müharibə iştirakçısı kimi zənn edirəm. Çünki böyük əmilərim, dayılarım ön cəbhələrdə vuruşub, onlardan qayıdanlar da olub, qayitmayanlar da. Müharibənin bütün keşmə-keşlərini onlardan eşitmişəm. Böyük əmim Quba rayonunun Hərbi komissarlığında “II çast” adlanan sahə üzrə hərbi mükəlləfiyyət işlərinə baxırdı. 1941- ci ilin iyununda müharibə başlayan vaxt könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi. Xahişi təmin olunmadı. Nəhayət, israrlı və davamlı təkidlərindən sonra onu cəbhəyə göndərdilər. Baş leytenant idi. Berlinə qədər ağır və əzablı yol keçdi. Son məktubunda ona kapitan rütbəsi verilməsi və tezliklə qaydacağını bildirirdi. Verilən rəsmi xəbərlərə görə Reyxstaqın üzərinə bayraq sancılmış, müharibə qələbə ilə başa çatmışdı. Ancaq, qayıdanlar qayıtdı, o qayıtmadı.
 
Aradan 20 il keçdi. Günlərin birində atamı Rayon partiya komitəsinə çağırdılar, onun Çexoslavakiya Sosialist Respublikasına dəvət olunması ilə bağlı rəsmi məktubla tanış etdilər. Biz hələ uşaq idik, orta məktəbin orta siniflərində oxuyurduq, nəyin nə olduğunu başa düşmürdük. Sən demə, mayın 8-də Berlin alındıqdan sonra, Almaniyanın hamılıqla və qeyri-şərtsiz tərkisilah olunması barədə müqavilə imzalanmasına baxmyaraq, Çexoslavakiyada bir korpus baş qaldırıb, müqavimət göstərməkdə davam edib. Ali Hərbi komandanlığın göstərişinə əsasən Berlindəki qarnizonlardan bir neçəsi həmin qiyamı yatırmaq üçün Praqaya yeridilib. Əmim də həmin qarnizonların birində olub və mayın 9-da faşist gülləsinə tuş gəlib.
 
Müharibə başa çatdıqdan və Çexoslavakiya faşizm istibdadından tam azad olunduqdan sonra “Qırmızı ləpirşilər” adlı bir qrup Praqanın azad olunması yolunda canlarından keçənlər barədə materiallar toplamağa başlamış, xilaskarları onlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn etmiş və onların qohum-əqrabalarını axtarıb tapmaq işləri ilə məşğul olmuşlar. Atama göndərilən məktub da bu axtarışlardan birinin nəticəsi idi ki, o da 20 ildən sonra olsa da doğma qardaşının üzünü görməsə də heç olmasa məzarını belə görə bildi.
 
Bəli, bu qələbə bəzilərinin düşündüyü kimi rusun qələbəsi deyildi, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişi idi. Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
 
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
 
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
 
Bu gün bir çoxları tərəfindən “9 may”a biganə münasibət bəsləyəndə, hətta bir ara 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə “Böyük Vətən müharibəsi” idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə “Böyük Vətənin” kiçik bir parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. 44 günlük Vətən müharibəsində Zəfər günü, Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi və şanlı zəfər tarixinin digər səhifələri kimi 9 may günü də yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün bir ibrət dərsi olardı”.
Seçilən
0
1
moderator.az

2Mənbələr