Yazıçı Kəramət Böyükçöl ölkədə insanların bu gün heç bir ziyalıya qulaq asmadığından şikayətlənib və bunun səbəblərindən danışıb.
O hesab edir ki, mərhum Heydər Əliyev prezidentlik müddətində ölkənin sayılıb-seçilən qələm adamlarına, yazıçılara, şairlərə önəm verirdi və onların Milli Məclisdə yer almasına şərait yaradırdı.
Kəramət Böyükçöl bunu o vaxt neft gəlirlərinin azlığı, hüquq-mühafizə sistemlərinin bugünki qədər güclü olmaması ilə əlaqələndirib.
Onun sözlərinə görə, belə bir şəraitdə Heydər Əliyev cəmiyyətin dinlədiyi insanları dövlət idarəçiliyində önə çəkirdi.
"Amma zaman-zaman Azərbaycanda dövlətin büdcəsi artdıqca, güclü hüquq-mühafizə sistemi yarandıqca qələm adamlarına sanki ehtiyac duyulmadı. Dedilər "gedin şeirinizi yazın, romanınızı yazın". Bu, çox yanlış bir şeydir", - Kəramət Böyükçöl BBC Azərbaycancaya deyib.
Yazıçı bildirib ki, insanları qorxu ilə yerində saxlamaqdan təhlükəli heç nə yoxdur.
"Bu o deməkdir ki, insanlar qorxularından yerində sakit durub. Sabah onun əlinə bir güc keçəndə, imkan keçəndə onun qarşısını nə ilə alacaqsan sən?" - o bildirib.
Kəramət Böyükçöl hesab edir ki, cəmiyyətdə ziyalının, söz adamının eşidilməsi, onun dinlənilməsi cəmiyyətin özü üçün faydalıdır.
Videonu YouTube kanalımızda izləyin.