"Builki tədbirlər İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyində, həm tarixi yaddaşın qorunması, həm də müasir geosiyasi gerçəkliklər fonunda sülhün və ədalətin əhəmiyyətini bir daha gündəmə gətirib..."
2025-ci il mayın 8-də Avropa ölkələrində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü - Victory in Europe Day (VE Day) münasibətilə anım və bayram tədbirləri keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu tarix 1945-ci ildə nasist Almaniyasının kapitulyasiyası ilə Avropada müharibənin rəsmi sonu sayılır.
Böyük Britaniyada bayram ab-havası
Londonda bu gün xüsusilə təntənəli şəkildə qeyd olunub. Şəhər lalə (xaşxaş) gülləri ilə bəzədilib, bu gül əvvəlcə Birinci Dünya müharibəsinin rəmzi olsa da, sonralar hər iki dünya müharibəsində həlak olanların xatirəsinə rəmzə çevrilib. Saat 12:00-da ölkə üzrə iki dəqiqəlik sükut elan olunub, dövlət idarələrində bayraqlar endirilib.
Vestminster abbatlığında keçirilən təşəkkür mərasimində kral III Karl, kraliça, şahzadə Uilyam və Kral ailəsinin digər üzvləri iştirak edib. Mərasimdə 1800 nəfər dəvətli olub. Kral və şahzadə abbatlığın içindəki memorial lövhəyə əklil qoyub. Mərasimdə Uinston Çörçillin 1945-ci ildəki qələbə çıxışının audio yazısı da səsləndirilib.
Veteranlar tədbirin mərkəzində olub. Hazırda Böyük Britaniyada İkinci Dünya müharibəsini yaşamış təxminən 70 min insan var. Onların əksəriyyəti artıq 95 yaşdan yuxarıdır. 103 yaşlı veteran Harri Vinter BBC-yə müsahibəsində müharibə xatirələrini bölüşüb: 1945-ci ilin yanvarında almanlar tərəfindən əsir götürülüb, sərt şəraitdə saxlanılıb və azadlığı yalnız mayın 8-də əldə edib.
Günün sonunda 1945-ci ildə olduğu kimi ölkənin bütün kilsə və katedralarının zəngləri çalınıb. Axşam saatlarında Londonda paradda konsert keçirilib, 10 minə yaxın insan iştirak edib. Pab və kafelərə həmin gün əlavə iki saat işləməyə icazə verilib.
Mayın 5-dən etibarən bayram tədbirləri başlayıb. Kral III Karl hərbi paradı qəbul edib. Paradda 1300-dən çox hərbçi, o cümlədən ukraynalı hərbçilər iştirak edib. Həmçinin "Red Arrows" pilotaj qrupu, F-35M və "Eurofighter" döyüş təyyarələri, "Avro Lancaster" bombardmançısı səmada nümayiş uçuşları edib. Kral ailəsi Bukinhem sarayının eyvanından bu səhnələri izləyib. Şəhərin tarixi binaları gecələr Britaniya bayrağının rənglərində işıqlandırılıb.
Almaniyada anım və düşüncə günü
Almaniyada isə 8 may günü tətil elan edilib və bayramdan daha çox anım və tarixlə üzləşmə günü kimi qeyd olunub. Berlində keçirilən rəsmi tədbirdə parlamentin rəhbərliyi və müxtəlif ölkələrin diplomatları iştirak edib. Rusiya və Belarus nümayəndələri tədbirə dəvət olunmayıb, bu qərar Ukrayna müharibəsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinin tövsiyəsinə əsaslanıb.
Bundestaqda çıxış edən Almaniya parlamentinin sədri Yuliya Klekner nasistlərin törətdiyi cinayətlərə - Polşaya hücuma, Belarusdakı qırğınlara, Leninqrad mühasirəsinə və Holokosta toxunub. O, həmçinin Rusiya tərəfindən Ukraynaya qarşı aparılan müharibənin azadlıq uğrunda mübarizə adı altında tarixi saxtalaşdırmaq cəhdi olduğunu bildirib.
Prezident Frank-Valter Ştaynmayer isə SSRİ-nin qələbədəki həlledici rolunu vurğulayıb: 13 milyon sovet əsgərinin və milyonlarla mülki şəxsin həyatını itirdiyini xatırladıb. O, bildirib ki, məhz Qırmızı Ordu "Osventsim" kimi ölüm düşərgələrini azad edib. Ştaynmayer Putinin Ukraynaya qarşı başlatdığı müharibəni "imperial çılğınlığın və ədalətsizliyin təzahürü" adlandırıb və bunun İkinci Dünya nüharibəsindəki nasist tiraniyasına qarşı mübarizə ilə heç bir əlaqəsinin olmadığını qeyd edib.
Anım tədbirləri Berlinin küçələrində
Berlindəki Brandenburq qapısı, Tirqarten və Treptov parklarındakı sovet memoriallarında ukraynalıların da iştirakı ilə çələngqoyma mərasimləri keçirilib. Tədbirlərdə həm nasizmin qurbanlarının, həm də müasir müharibənin acılarının yad edilməsi əsas mövzu olub.
Builki tədbirlər İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyində, həm tarixi yaddaşın qorunması, həm də müasir geosiyasi gerçəkliklər fonunda sülhün və ədalətin əhəmiyyətini bir daha gündəmə gətirib.