AZ

“Arsenal” ciddi transferlərə hazırlaşır – Hədəfdə kimlər var?

Bu mövsüm titulsuz qalan “Arsenal” heyətlə bağlı ciddi dəyişikliklərə əl atacaq.

Msport.az BBC-yə istinadən xəbər verir ki, “topçular”ın idman direktoru Andrea Bertaya yay transfer pəncərəsi üçün bir sıra tapşırıqlar verilib.

“Arsenal”ın əsas hədəfi “Nyukasl”ın hücumçusu Aleksander İsakdır. Lakin “sağsağanlar” onun üçün 150 milyon avro tələb edir. Ona görə də londonlular “Sportinq”dən Viktor Dyökereş və ya “Leyptsiq”dən Benjamin Şeşkonun transferini də nəzərdən keçirir.

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi də paytaxt klubunun əsas transfer hədəflərindən biridir.

“Arsenal” sol cinah yarımmüdafiəçisi də almaq istəyir. “Athletik”dən Niko Uilyams və Dortmund “Borussiya”sından Ceymi Gittens də “radar”dadır. Qapı mövqeyi üçün isə “Espanyol”dan Joan Qarsiya düşünülür.

Uilyam Saliba və ya Qabriel Maqalyansın mümkün gedişi halında mərkəz müdafiəçisi almaq variantı da var. Bu mövqeyə ən real namizəd isə “Bornmut”dan Din Huysendir.

Qeyd edək ki, mövsümün sonuna üç tur qalmış “Arsenal” (67 xal) “Mançester Siti”ni 3 xal qabaqlayaraq Premyer Liqada ikinci pillədə qərarlaşıb.

Seçilən
0
msport.az

1Mənbələr