Bakı, 9 may — Azadmedia.az
2025-ci il mayın 10-da Azərbaycan xalqının Ümumilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu,görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Mən bir azərbaycanlı, bir vətəndaş kimi ömrüm boyu Ümummilli lider Heydər Əliyevin fəaliyyətini diqqətlə, həm də qürurla izləmişəm, onun Azərbaycanı, xalqını ən ağır zamanlardan necə alnıaçıq, üzüağ çıxarmağının, ölkəmizi necə qurub-yaratmağının canlı şahidi olmuşam.
Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi görkəmli dövlət adamı, siyasi xadim, ölkə rəhbərinin müasiri olmuşam. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olmaq və mənim üçün böyük şərəf vəiftixardır. Heydər Əliyev Azərbaycan xalqının çətin günlərində meydana çıxaraq öz zəhməti, iradəsi və uzaqgörənliyi ilə ölkənin taleyini dəyişdi. Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi yenidən dirçəldi, xalqın özünə inamı artdı və gələcəyə ümid yarandı.
Bugünkü güclü, inkişaf edən Azərbaycan məhz o günlərin möhkəm təməlləri üzərindəqurulmuşdur. Heydər Əliyev sadəcə siyasətçi deyildi. O, millətini sevən bir insan, xalqı ilə nəfəs alan bir lider idi. O, hər zaman elmə, təhsilə, mədəniyyətə və gənclərə xüsusi önəm verdi. Gənclərin gələcək də ölkənin əsas dayağı olacağını deyərdi. Mən uşaq vaxtı Heydər Əliyevin adını ilk dəfə eşidəndə atam demişdi: “O, Azərbaycanın ümididir.’ İllər keçdikcə bu sözlərin mənasını daha dərindən anladım. Onun rəhbərliyi ilə Azərbaycanın ayağa qalxdığını, xalqımızın inam və güvən qazandığını öz gözlərimlə gördüm.
Bu gün qürurla deyə bilərik ki, onun ideyaları yaşayır, verdiyi ümidlər gerçəkləşir. Biz Heydər Əliyevi yalnız tarix kitablarında yox, hər bir uğurumuzda, hər bir bayrağımızın dalğalanışında hiss edirik. Ulu öndərin xatirəsi daim qəlbimizdə yaşayacaq və biz onun qoyduğu müqəddəs yolu şərəflə davam etdirəcəyik.
102 il əvvəl doğulan bu böyük şəxsiyyətin adı bu gün hər bir azərbaycanlının dilində hörmətlə çəkilir. Onun ideyaları yaşayır, irsi qorunur və gələcək nəsillərə ötürülür. Onun haqqında danışmaq təkcə keçmişi xatırlamaq deyil, həm də gələcəyə inamla baxmaq deməkdir. O, təkcə bir dövrü idarə etmədi, bir millətin gələcəyini yoğurdu. Və bu gün onun 102 illik yubileyində Azərbaycan xalqı yenidən bir səslə deyir: “Sənin yolunla gedirik, Ulu Öndər.”
Bu əlamətdar gündə biz Ulu Öndər Heydər Əliyevi sonsuz sayğı və ehtiramla yad edirik. Onun həyat yolu və xalqına xidmətləri daim qəlbimizdə yaşayacaq.
Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkikatının məsləhətçisi