İkinci Dünya müharibəsində Qubadan 9800 nəfər insan iştirak edib. Onların 6600 nəfəri müharibədə həlak olub və ya itkin düşüb. Müharibədən qayıdan qubalılardan biri də Qaflan Ömərovdur.
1924-cü ildə Qubanın Ərməki kəndində doğulan Qaflan Ömərovla Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 80 illiyi günündə təəssüf ki, görüşə bilmədik.
Telefon zəngimizə cavab verən veteran Ömərov Bizim.Media-ya ali məktəb müəllimi olan qızının vəfat etməsi səbəbindən danışa bilməyəcəyini deyib.
Məlumat üçün bildirək ki, 101 yaşlı Qaflan Ömərov Böyük Vətən müharibəsinə 1942-ci ildə könüllü gedib.
Moskvadan Smolenskə qədər vuruşub. 1943-cü ilin mart ayında ağır yaralandığından hospitalda müalicədən sonra Qubaya qayıtmalı olub. Müxtəlif vəzifələrdə çalışıb.
Hazırda 101-ci yaşında olan Qaflan Ömərovun 100 yaşı ilə bağlı yubileyi təmtəraqlı qeyd olunub. Yaddaşı maşallah yerindədir.
Bu yaşında mobil telefon işlədir, onunla danışanda adını düz demədiyimə görə düzəliş də etdi:
"Adım Qaflandır, Ömərov soyadımdır".
Qaflan Ömərov milli liderimiz Heydər Əliyevi şəxsən tanıyıb, onunla qələbə günü tədbirlərində dəfələrlə görüşüb. Müsahibələrinin birində Heydər Əliyevin ona Bakıda ev və maşın verdiyini də açıqlayıb.
Qeyd edək ki, Qaflan Ömərov nəinki Qubada, bütün Şimal bölgəsində həyatda olan yeganə Böyük Vətən Müharibəsi veteranıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu