Bakı şəhərində əhalinin sıx yerləşməsi avtomobil sayının çoxalmasına şərait yaradır. Nəticədə, tıxac, parklanma kimi məsələlər ortaya çıxır. Parklanma əraziləri şəhərin müxtəlif ərazi və prospektlərində yerləşir. Sürücülər maşınlarını həmin ərazilərdə park edən zaman bəzən müəyyən problemlər ilə qarşılaşırlar. Avtomobillərin müəyyən yerlərdən vurulması, cızılması, əzilməsi və digər məsələlər zamanı məsuliyyətin kimin üzərində olması maraqlı mövzulardandır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunvericilikdə, bu məsələ ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmayıb.
“Əgər hər hansısa avtomobilə digər avtomobil tərəfindən ziyan dəyirsə, həmin zərərin xərcini qarşı tərəf mütləq ödəməlidir. Lakin təbii fəlakət, ağac aşması, daş düşməsi kimi hallarda sürücü mülki iddia qaldıra bilər” - deyə o bildirib.
Ekspertin sözlərinə görə, həmin hadisələr zamanı Yaşıllaşdırma idarəsinə, yolda çalaların vurduğu ziyana qarşı Yol idarəsinə qarşı iddialar qaldıra bilər. Amma parklanma yerlərində hələ ki, qanunla hansısa məsuliyyət nəzərdə tutulmayıb.
Elməddin Muradlı söyləyib ki, bu qaydalar yerüstü parklanmalar üçün nəzərdə tutulmayıb. Lakin, yeraltı parklanma məkanlarda bu bir az fərqlidir. Orada təhlükəsizlik, mühafizə kimi məsələlər ön planda dayanır.(modern.az)