Məşhur Məmmədov,
Millət vəkili
9 May – Faşizm üzərində Qələbə Günü bütün bəşəriyyət üçün tarixi əhəmiyyət daşıyır. Bu gün müharibənin dəhşətləri qarşısında sarsılmadan döyüşən insanların, arxa cəbhədə gecə-gündüz çalışan zəhmətkeşlərin və vətən sevgisi ilə alışıb yanan milyonlarla qəhrəmanın yaddaşlara həkk olunmuş zəfər günüdür. Azərbaycan xalqı bu böyük tarixi salnamənin yazılmasında müstəsna rol oynamışdır. Xüsusilə Bakı nefti və xalqımızın arxa cəbhədə göstərdiyi misilsiz fədakarlıq Qələbənin təmin olunmasında həlledici amillərdən biri olmuşdur.
Bakı nefti – Qələbənin yanacağı rolunu oynayıb, bunu bütün dünya bilir.
İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının yanacaq tələbatının 70-80 faizini təmin edən məhz Bakı idi. Müharibənin ilk illərində Bakı nefti cəbhəyə fasiləsiz olaraq benzin, dizel, sürtgü yağları və digər yanacaq məhsulları göndərirdi. Əfsanəvi “Qara qızıl” olmasaydı, nə tanklar hərəkət edə bilərdi, nə təyyarələr havaya qalxa bilərdi, nə də artilleriya silahları işə düşə bilərdi. Tarixçi-alimlərin fikrincə, yalnız 1941-ci ildə Bakıda istehsal edilən yanacağın həcmi ilə alman ordusunun bütün hərbi texnikasını ilyarım hərəkətdə saxlamaq mümkün idi. Bu faktlar Azərbaycanın, xüsusən də Bakı neftçilərinin Qələbəyə nə qədər böyük töhfə verdiyini açıq şəkildə göstərir.
Müharibə zaman arxa cəbhədə Azərbaycan xalqının misilsiz fədakarlığını da xüsusi qeyd etmək yerinə düşər.
Azərbaycan xalqı yalnız ön cəbhədə deyil, arxa cəbhədə də rəşadət və sədaqət nümunəsi göstərdi. Minlərlə qadın və uşaq kişilərin cəbhəyə yollanmasından sonra istehsalat sahələrində onların yerini tutdu. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə zavodlar 24 saat fəaliyyət göstərir, hərbi texnika, geyim, silah və ərzaq istehsalı dayanmaq bilmirdi. Kənd əhalisi cəbhəyə ərzaq göndərir, torpağı daha artıq məhsul verməyə vadar edirdi. Arxa cəbhədəki bu əmək qəhrəmanlığı, ruh yüksəkliyi və həmrəylik olmasaydı, ön cəbhədəki qələbə də mümkün olmazdı.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində 600 mindən çox oğul və qızını cəbhəyə göndərdi. Onlardan 300 mindən çoxu doğma yurda qayıtmadı... Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev kimi igidlərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Bu qəhrəmanlar öz şücaətləri ilə təkcə Azərbaycanın deyil, bütün dünyanın azadlığı uğrunda mübarizə apardılar. Onların hər biri tariximizin fəxri səhifəsinə çevrildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının Böyük Qələbəyə töhfə verən xalqlardan biri kimi həmişə fəxr etməyə haqqı var. Bu gün biz həmin qəhrəmanların ruhu qarşısında baş əyir, onların mirasını yaşatmaq üçün əlimizdən gələni edirik.
Azərbaycanda Qələbə günü hər il dövlət səviyyəsində qeyd olunur, veteranlara qayğı göstərilir, onların xidmətləri daim uca tutulur.
Böyük Vətən Müharibəsində əldə olunan Qələbə təkcə silahla deyil, həm də əmək, fədakarlıq, birlik və inamla qazanıldı. Bu zəfərdə Azərbaycan xalqının rolu əvəzsizdir. Bakı nefti, arxa cəbhədə gecə-gündüz çalışan analar, bacılar və qəhrəman əsgərlərimiz bu Qələbənin əsl qəhrəmanlarıdır. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, göstərdikləri şücaət isə gələcək nəsillərə örnək olacaqdır.