BAKI, TurkicWorld
Bill Gates 2045-ci ilə qədər sərvətinin 99 faizini bağışlayacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, “Microsoft”un qurucusu Bill Gates qarşıdakı 20 il ərzində şəxsi sərvətinin 99 faizini bağışlamağı və 2045-ci ildə Gates Fondunu bağlamağı planlaşdırır.
69 yaşlı milyarder bu barədə cümə axşamı yayımladığı bloq yazısında məlumat verib. “Mən öləndə insanlar mənim haqqımda çox şey deyəcəklər, amma ‘zəngin öldü’ onlardan biri olmayacaq”, – deyə Gates bildirib.
O, indiyədək sağlamlıq və inkişaf layihələrinə 100 milyard dollar ianə etdiklərini, bazar şərtlərinə görə növbəti 20 ildə bu rəqəmin 200 milyard dollara çatacağını bildirib. Gates həmçinin qeyd edib ki, gələcəkdə daha aktual problemləri həll etmək üçün onun yerini digər xeyriyyəçilər tuta bilər.
Bloq yazısında Gates varlı amerikalı iş adamı Endryu Karneqinin “Sərvət İncili” adlı essesindən sitat gətirərək, “Zəngin ölən adam gözdən düşərək ölür” fikrini vurğulayıb.
Qeyd edək ki, Gates Fondunun əsas məqsədləri arasında qarşısı alına bilən xəstəliklərlə mübarizə, malyariya və qızılca kimi infeksiyaların aradan qaldırılması və yoxsulluğun azaldılması yer alır. Gates bəzi qərb ölkələrinin yardım büdcələrini azaltmasını tənqid edib və fondun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.