Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyur Diplomatik uğurlar və strateji tərəfdaşlıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının rəsmi “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə, Azərbaycan-Vyetnam münasibətlərinin bugünkü vəziyyəti və gələcək perspektivləri baxımından mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Bu müsahibə, eyni zamanda 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana gözlənilən dövlət səfəri ərəfəsində ikitərəfli münasibətlərə yeni impuls verəcək siyasi zəminin ifadəsidir. Bu səfər həm də tarixi dostluğun müasir davamı kimi də qiymətlidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Vyetnamı birləşdirən əlaqələrin tarixi yarım əsrdən çoxdur. Bu münasibətlər XX əsrin ortalarından – Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə formalaşaraq bugünkü strateji tərəfdaşlığa qədər yüksəlib. Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd edir: “Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.” Həmçinin, cənab Prezidentin 2014-cü ildə Hanoya etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki ölkə arasında yeni əməkdaşlıq səhifəsinin başlanğıcı oldu. Bu dövrdə keçirilən Azərbaycan-Vyetnam biznes forumu və birgə iqtisadi təşəbbüslər əməkdaşlığın çoxşaxəli və institusional əsaslara söykəndiyini göstərdi. Bu rəsmi səfərlər isə iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxartdı.
Cənab Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrinin sürətli inkişafından bəhs edərək qeyd edir ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb. Bu, tərəflər arasında artmaqda olan iqtisadi dinamikanın göstəricisidir. Ənənəvi enerji sektoru ilə yanaşı, informasiya texnologiyaları, əczaçılıq, turizm, sənaye və nəqliyyat kimi sahələrdə də əməkdaşlıq gündəlikdədir. Cənab Prezident İlham Əliyev vurğulayır ki, iqtisadi-ticari münasibətlər yalnız iqtisadi artımı deyil, həm də iqtisadiyyatların şaxələndirilməsinə töhfə verir: “Bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq.” Neft sahəsində əlaqələr də xüsusi qeyd olunmalıdır. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə bu sahədə əməkdaşlığın yeni mərhələsinə keçidin nümunəsidir. Diplomatik fəallıq və beynəlxalq platformalarda həmrəylik isə daha çox diqqəti cəlb edir. Azərbaycanla Vyetnam arasında siyasi dialoq və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək də bu münasibətlərin vacib sütunlarından biridir. Hər iki ölkə Qoşulmama Hərəkatı və BMT kimi platformalarda əməkdaşlığı inkişaf etdirir. Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin, parlamentlərarası əlaqələrin və hökumətlərarası komissiyanın fəaliyyəti bu diplomatik fəallığın ifadəsidir. Mədəni və humanitar sahədə davamlı əməkdaşlıq barədə də fikirlər, söyləmək, faktlar göstərmək mümkündür. Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin zəngin tarixi və perspektivləri də artıq diqqətçəkicidir. 1955-ci ildə bəstəkar Qara Qarayevin “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin yaradılmasındakı fəaliyyəti və son dövrlərdə birgə film nümayişləri bu sahədəki əməkdaşlığın rəmzləridir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, xüsusilə ibtidai məktəb tikintisi və sonuncu səfər çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək ölkəmizin bu istiqamətdə də fəal siyasət yürütdüyünü göstərir. Prezident müsahibəsində bu kontekstdə bildirir: “Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.” Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyev bu səfərin siyasi və strateji əhəmiyyətinə toxunaraq bildirir: “Bu hadisə böyük siyasi əhəmiyyətə malikdir... qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan mühüm mərhələ olacaq.” Səfər zamanı müzakirə olunacaq əsas mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, partiyalararası əlaqələrin dərinləşdirilməsi və humanitar sahələrdə birgə layihələrin təşviqi yer alır. Bu səfər həm də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında ideoloji və siyasi əməkdaşlığın simvolik təzahürüdür. Cənab Prezident İlham Əliyev Azərbaycanın Vyetnamla gələcək əməkdaşlıqda geniş potensial gördüyünü açıq şəkildə bildirir. Turizm, birbaşa aviareyslərin açılması, mədəniyyət, səhiyyə, ekologiya və təhsil sahələrində yeni təşəbbüslər nəzərdə tutulur. Cənab Prezident xüsusilə vurğulayır ki: “Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.” Təhsil sahəsi isə ayrı bir önəm daşıyır. Vyetnamlı tələbələrin Azərbaycanın təhsil proqramlarına cəlb olunması, Qoşulmama Hərəkatı çərçivəsində təqdim olunan təqaüdlərlə genişlənəcək. Cənab Prezident İlham Əliyevin bu geniş müsahibəsi Azərbaycanın diplomatiyasının çoxşaxəli və uzaqgörən xarakterini, dost və strateji tərəfdaşlarla əməkdaşlığın davamlı inkişafını əyani şəkildə ortaya qoyur. To Lamın dövlət səfəri isə Azərbaycan-Vyetnam münasibətlərini təkcə siyasi və iqtisadi deyil, mədəni və humanitar baxımdan da keyfiyyətcə yeni mərhələyə daşımaq üçün real fürsətdir. Bu, Cənub-Şərqi Asiya ilə əlaqələrin dərinləşdirilməsi strategiyasında Azərbaycanın növbəti uğurlu addımı kimi tarixə düşəcək.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.