Vətənimiz Azərbaycanın dünyada dahi şəxsiyyətlərin, görkəmli sərkərdələrin, ustad sənətkarların yurdu kimi tanınması hər birimiz üçün qürurvericidir. Onların hər biri özlərindən sonra xalqımıza başucalığı gətirən misilsiz irs qoyub gediblər. Xalqımız ona başucalığı gətirən bu qiymətli irslə həmişə fəxr edib, bu gün də fəxr edir. Sözsüz ki, bu tarixi şəxsiyyətlərin ən qüdrətlisi dünya şöhrətli azərbaycanlı, müdrik dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev olub. Qədirbilən Azərbaycan xalqı bu dahi şəxsiyyətin əbədiyaşar xatirəsini heç vaxt unutmur, daim əziz tutur. Çünki Heydər Əliyev alovlu vətənpərvər kimi bütün mənalı ömrünü doğma xalqının səadətinə, milli tərəqqisinə təmənnasız olaraq sərf etdiyindən əsil Ümummilli Lider kimi xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır. Amalında Vətən sevgisi olan hər bir azərbaycanlı Heydər Əliyevlə Azərbaycanın bir tam, bir vəhdət olduğuna bütün varlığı ilə inanır və bu inamla xoşbəxt gələcəyinə doğru irəliləyir.
Ulu Öndər Heydər Əliyevin dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasında, ölkələr və xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsində göstərdiyi misilsiz xidmətlərinə görə onun təvəllüd günü dünya miqyasında da hörmətlə qeyd olunur. Fərəhlidir ki, bu gün xalqımızla birlikdə 50 milyonluq dünya azərbaycanlıları, bütün türk dünyası, sədaqətli dostlarımız Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü ehtiramla qeyd edir.
Ümummilli Liderimizin həyat və fəaliyyətini nəzərdən keçirəndə bir daha inanırsan ki, Tanrı bu fövqəlbəşər insanı məhz Azərbaycan xalqının taleyüklü problemlərinin həlli üçün, bu xalqı sivil xalqlar cərgəsinə ucaltmaq üçün xəlq etmişdir. Onun mübarizələrlə dolu, dərin məzmunlu həyatı və fəaliyyəti bu həqiqəti bütün reallığı ilə əks etdirir. Keçmiş sovet dönəmində Ümummilli Lider Heydər Əliyev böyük bir məsuliyyəti öz üzərinə götürərək 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikanı ağır vəziyyətdən çıxarmaq üçün möhtəşəm bir fəaliyyətə başlamışdır. Tarixə nəzər yetirəndə bir daha şahid oluruq ki, bu şərəfli gün milli intibahımızın başlanğıcı olmuşdur. Məhz həmin tarixi andan respublikamız sosial-iqtisadi inkişaf sahəsində yüksəliş dövrünü - əsil intibahını yaşamağa başlamışdır. Onun müdrik rəhbərliyi ilə Azərbaycan geridə qalmış bir əyalətdən qabaqcıl aqrar-sənaye respublikasına çevrilmişdir. Lakin, xalqımızın tərəqqisini gözügötürməyən tarixi düşmənlərimiz bu inkişafın qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar. Bunun üçün onlar ilk növbədə Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdıraraq xalqımızı başsız, arxasız qoymağa, vətən, xalq təəssübünü çəkməyən səbatsız şəxsləri ölkə rəhbərliyinə gətirməyə cəhdlər edirdilər. Milli azadlığımızı qan içində boğmaq üçün 20 Yanvar faciəsini törətmiş, xain qonşularımızı qızışdırıb üstümüzə qaldırmış, soydaşlarımızı tarixi ata-baba torpaqlarından zorla qovub didərgin salmış, ölkəmizi ədalətsiz müharibəyə cəlb etmiş, Xocalı soyqırımını törətmişdilər. İqtisadi tənəzzül, ağır həyat şəraiti dözülməz vəziyyət yaratmışdı. Belə ağır vaxtda Ulu Öndər Heydər Əliyev əsil xalq qəhrəmanı kimi irəli çıxaraq həyatını, doğmalarını təhlükədə qoyub ömrünün qalan hissəsini də doğma vətəninə həsr etməyi qərara alıb xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtmış və Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün möhtəşəm mübarizəyə başlamışdır. Saysız-hesabsız maneələrə, sui-qəsdlərə, dövlət çevrilişlərinə baxmayaraq, o, bu mübarizədə əzmlə qalib gələrək müstəqil, azad dövlətimizi rəvan inkişaf yoluna çıxarmışdır.
Ulu Öndərimizin tarixi xidmətlərindən biri də 1992-ci ildə təsis etdiyi Yeni Azərbaycan Partiyasını iqtidara gətirməklə xalqımızın mədəni-siyasi düşüncəsini ən yüksək səviyyədə formalaşdıran siyasi düşüncə mərkəzini yaratması olmuşdur. Məhz Ulu Öndərimizin müdrik rəhbərliyi ilə YAP sürətlə təşkilatlanaraq ölkədə əsil ümumxalq partiyasına çevrilmişdir.
Azərbaycanın hər bir guşəsində olduğu kimi Lənkəranda da Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla anılır. Lənkəran camaatı Ulu Öndərin atalıq qayğısını heç vaxt unutmur. Keçən əsrin 70-80-ci illərində Ümummilli Liderimizin davamlı qayğısı ilə Lənkəran da özünün “qızıl dövrünü” yaşamışdır.
Ulu Öndərimiz Heydər Əliyevin ardıcıl diqqəti və qayğısı ilə hələ o zaman Lənkəran geridə qalmış ucqar bir rayondan cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilmişdir.
Ulu Öndərimizin xeyir-duası ilə sosial-iqtisadi inkişafı sürətləndirən çoxlu sayda obyektlər tikilmiş, iş yerləri açılmış, ixtisaslı kadrlar hazırlanmış, əhalinin həyat şəraitini yaxşılaşdıran çox mühüm sosial əhəmiyyətli layihələr icra olunmuşdur.
Bu gün də rayon sakinləri, ziyalılar, əmək qabaqcılları, incəsənət xadimləri bu tarixlə daha çox fərəhlənirlər. Çünki yaşlı nəsil o sevinci, o fərəhi canlı olaraq yaşayıb. Məhz, bu xoş xatirələrin məntiqi nəticəsi idi ki, 1993-cü ildə çox ağır günlər yaşamış Lənkəranda da YAP sürətlə təşkilatlanaraq dövlətçiliyimizin qorunmasında əvəzsiz xidmətlər göstərmişdir.
Lənkəranlılar Ümummilli Liderimizin 1998-ci il oktyabrın 5-də şəhərimizə səfərini daha çox xatırlayırlar. Məhz həmin səfər zamanı lənkəranlılarla görüşündə Ulu Öndərimiz lənkəranlıların Vətən qarşısında göstərdikləri şücaətə yüksək qiymət verərək demişdi : “Siz Azərbaycanın bu gözəl diyarını qurub-yaradanlarsınız, siz bu bölgənin müdrik insanlarının varislərisiniz. Siz Talışxanovlar-generallar sülaləsinin varislərisiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun doğmalarısınız.
Azərbaycanın Talış dağları, bu Talış diyarı Azərbaycan xalqının böyük insanlarını, böyük şəxsiyyətlərini yetişdirmişdir. Siz burada-Lənkəranda, bu Talış dağlarının ətəklərində Azərbaycan elmini, mədəniyyətini, təhsilini inkişaf etdirən dəyərli insanlar yetişdirmisiniz. Biz bunlarla fəxr edirik, bütün Azərbaycan xalqı da bu dəyərli insanlarla fəxr edir”.
Ümummilli Liderimizin bu qiymətli sözlərini dönə-dönə xatırlayan hər bir lənkəranlı məhz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün də davam etməsindən sonsuz sevinc hissi keçirir. Əldə olunan nailiyyətlər hər bir üzvümüz kimi hər bir sakinin də qəlbini iftixar hissi ilə doldurur, xoşbəxt gələcəyə inamını qat-qat artırır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə əlaqədar Lənkəranda da möhtəşəm işlər görülmüşdür. Cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə Lənkəran şəhəri yenidən özünün şöhrətli dövrünü yaşayır. Şəhərimizin park və bağları, küçə və meydanları göz oxşayır. Bütün bunlar göstərir ki, Azərbaycanın hər yeri kimi Lənkəran da cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunmuşdur.
Ulu Öndərimiz Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqının səadətinə həsr edərək milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib yenidən bərqərar etmiş, müasir, demokratik Azərbaycan qurmuş, onu qoruyub gələcək nəsillərə əmanət qoymuşdur. Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev bu dövləti daha da inkişaf etdirib dünyaya tanıtdırmışdır.
Heydər Əliyevin şərəfli həyat yolu tariximizin ən parlaq səhifələridir. Bu şərəfli həyat yolunun, bu yolda çəkilən zəhmətin bəhrəsini bizdən əvvəlki nəsillər görüb, indiki nəsillər görür, hələ neçə-neçə gələcək nəsillər görəcəkdir. Heydər Əliyevin tarixi irsi ölməzdir. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq.
İqbal Əmənullayev,
YAP Lənkəran rayon təşkilatının sədri