Katolik kilsəsinin yeni lideri amerikalı kardinal Robert Frensis Prevost Papa XIV Leo adı ilə vəzifəsinin icrasına başladıqdan sonra, keçmişdəki sosial media paylaşımları yenidən gündəmə gəlib.
“Cebheinfo.az” xəbər verir ki, Prevostun keçmişdə Tramp administrasiyasının miqrasiya siyasətini açıq şəkildə tənqid etdiyi ortaya çıxıb. XIV Leo xüsusilə ailələrindən ayrılan miqrant uşaqlarla bağlı sərt çıxışları ilə diqqət çəkib.
2017-ci ildə ABŞ-də uşaq yaşlarında ölkəyə gəlmiş miqrantları qorumağı məqsəd qoyan DACA proqramına dəstək verən Papa 2018-ci ildə isə Tramp administrasiyasının uşaqları ailələrindən ayırmaq siyasətini belə tənqid edib:
“Uşaqları ailələrindən ayırmaq və qəfəslərdə saxlamaq nə xristianlığa, nə Amerika dəyərlərinə, nə də əxlaqa uyğundur. Bu, bizim adımızdan edilir və bu utanc hamımıza aiddir”.
Merilend ştatında yaşayan və üç uşaq atası olan Kilmar Abrego Qarsiyanın deportasiyası ilə bağlı paylaşım edən Papa yazıb:
“Bu acını görmürsünüzmü? Vicdanınız sızlamırmı? Necə səssiz qala bilirsiniz?”
Trampa yaxınlığı ilə tanınan və katolik mənşəli ABŞ vitse-prezidenti Vens haqqında da tənqidi fikirlər səsləndirən Papa XIV Leo onun miqrantlara qarşı sərt ritorikasına cavab olaraq belə bir paylaşım edib:
“Vens yanılır: İsa sevgimizi sıralamağımızı istəmir”.
ABŞ Prezidenti Donald Tramp isə yeni Papanı bu sözlərlə təbrik edib:
“Onun ilk amerikalı Papa olması ölkəmiz üçün böyük bir şərəfdir. Kardinal Robert Frensis Prevostu Roma Papası seçilməsi münasibətilə təbrik edirik. Onun ilk Amerika Papası olması ölkəmiz üçün nə qədər şərəflidir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm”.