Dünya çempionatının finalında futbolçuları ölümlə hədələyən diktator - Qapıçı onlarla necə məzələndi?
Qlobal.net bildirir ki, bu qələbə Mussoliniyə çox lazım idi. Özünün futbolla qəti arası yox idi. Amma futbolun mobilizasiya gücünə bələd idi. Ona görə ilk addım kimi İtaliya futbol liqasını, seriya A-nı yaratmışdı.1934-cü il dünya çempionatında İtaliya komandasının oyunları üçün hakimləri də özü seçirdi.
Yarımfinaldan qabaq matçın hakimi isveçli Eklindlə nahar etmişdi. Avstriyalı oyunçular deyir ki, Eklind bütün oyun boyu italyanların sərt oyununa göz yumurdu, hətta bir dəfə qol anı yarada biləcək avstriyalıların bir-birinə ötürdüyü topu şəxsən özü saxlayıb, italiyalı oyunçuya pas atmışdı. Axırda isə ofsayddanAvstriya qapısına vurulan topu italiyalıların xeyrinə saymışdı.
Eklindin Avstriya ilə oyunda hakimliyi Mussolininin o qədər xoşuna gəlmişdi ki, onu finala da hakim təyin etmişdi. Bu futbol tarixində heç vaxt təkrarlanmamış bir haldır ki, yarımfinala və finala eyni adam hakimlik edibmiş. Finaldan qabaq Mussolini Eklindi şəxsən bütün stadionun gözünün qabağında VİP tribunasında qəbul edərək, bütün dünyaya mesaj vermişdi. Nəticədə Eklind oyun ərzində İtaliyanın qapısına iki açıq-aşkar penalı verməmişdi. Beləliklə, Çexoslovakiya millisinə qalib gələn italyanlar dünya çempionu olmuşdular.
Mükafatlandırma mərasimində qaliblərə iki kubok verilmişdi. Biri dünya kuboku, ikincisi dünya kubokundan daha böyük və əzəmətli Mussolini (İl Duce) kuboku idi.Bu mundialdan qayıtdıqdan sonra istər Eklind, istərsə İtaliya-İspaniya dörddə bir matçının hakimi isveçrəli Rene Mercet fırıldaqlarına görə öz futbol federasiyaları tərəfindən hakimlikdən uzaqlaşdırılmışdılar. Hərçənd Eklind sonradan qaytarılır. Mussolini məhv edilsə də, futbolun böyük siyasət əlində alət olması davam edir...
Müvafiq olaraq yarımfinalda və finaldaİtaliyaya uduzan Avstriya ilə Çexoslovakiya isə 1938-ci ildə Hitlerin iştahının qurbanı olacaqdılar. Birincisinin varlığına son qoyulacaq, ikincisi xeyli ərazisini itirəcəkdi.
Hitler Mussolininin futboldan məharətlə yararlandığını görüb, özü də bu sahədən propaqanda üçün istifadə etmək sevdasına düşür.
Amma problem onda idi ki, alman yığması o dövrdə yüksək performans üçün zəif idi. 1936-cı il Olimpiadasında Hitler Almaniya Norveç oyununa şəxsən getmiş, millinin məğlubiyyətindən xeyli pərişan olmuşdu.Amma Avstriyanın anneksiyası Hitler üçün geniş imkanlar açırdı. Avstriya dövrünün ən güclü millilərindən idi, indi Hitler onların Almaniya komandası kimi uğur qazanacaqlarına əmin idi. Yeri gəlmişkən bu taktikadan vaxtilə Mussolini də istifadə etmişdi. İtaliya millisinin tərkibində ən güclü oyunçular əcdadları italyan olan argentinalılar sayılırdı.
Lakin Hitler gözlənilməz müqavimətlə razılaşır. Avstriya millisinin və o dövrdə dünyanın ən güclü forvardlarından hesab olunan Matteas Sindelar istər Avstriyanın Almaniya tərəfindən anneksiyasının, istərsə də nasizmin qəti-əleyhdarı idi. Anşlüsdən sonra Avstriya millisinə sonuncu oyununu oynamaq icazəsi verilmişdi. Bu, Almaniya ilə yoldaşlıq görüşü olacaqdı. Sindelar oyuna son matçını oynayacaq Avstriya millisinin kapitanı kimi çıxır. Bəzi mənbələr deyir ki, oyunçulara bu matçı heç-heçə bitirmək tapşırılıbmış. Amna Sindelar nəinki bu oyunda qol vurmuş, hətta oyun qurtarandan sonra, digər qolu vurmuş avstriyalı yoldaşı ilə nasist VİP tribunasının qarşısına qaçaraq qələbə rəqsi ilə onlara acıq vermişdi. Sindelar 1938-ci ildə dünya çempionatında Almaniya tərkibində oynamaqdan da imtina edir. Üstəgəl, çempionatda 5 avstriyalı Almaniya millisi tərkibində meydana çıxsalar da, İsveçrə ilə matçda sabotajla məşğul olub, məğlubiyyətin səbəbkarına çevrilirlər.
Bir neçə aydan sonra Sindelar müəmmalı şəkildə ölür. Rəsmi nasist mətbuatı onun italyan sevgilisi ilə birlikdə dəm qazından boğulduğunu yazsa da, əsl həqiqət yəqin artıq heç kimə məlum olmayacaq. Müharibədən sonra rəsmi sənədlər əsasında təsdiq olunub ki, Gestapo ölümündən əvvəl Sindelara qarşı iş açıb, onu izləyirmiş.
1938-ci il çempionatının finalından qabaq Mussolini İtaliya komandasına teleqaram vurur:
"Ya qələbə, ya ölüm".
Finaldan sonra 4 top buraxan Macarıstan millisinin qapıçısı intervyusunda məzələnərək demişdi ki, 4 top buraxmaqla italyanları öıümdən xilas elədim:)İtaliya bir də 1982-ci ildə çempion olacaqdı. Bu o dövr idi ki, soyuq müharibə dövründə sovetlərin dəstəklədiyi "Qırmızı briqadalar" və ABŞ-ın dəstəklədiyi ultrasağçılar İtaliyanı terror cəhənnəminə çevirmişdilər. Ölkə həm də böyük dirçəlişdən sonra iqtisadi böhrana daxil olurdu. Bundan qabaqkı 1978-ci il çempionatı isə yenə də fırıldaqlarla yadda qalmışdl. Argentina diktaturasının rüşvətləri nəticəsində bu ölkə dünya çempionu olmuşdu. Bu qələbədən millətçı hisslərin yüksəlişi üçün maksimum yararlansa da, ölkə tezliklə iqtisadi tənəzzülə düçar olmuş, vəziyyətdən çıxmaq istəyən rəhbərlik ölkəni fəlakət və hakimiyyətin çöküşü ilə nəticələnən müharibəyə sürükləmişdi.
Milli futbol komandası müharibədən sonra bir toplumu mobilizasiya edə biləcək ikinci qüvvə hesab edilir. Bu o qədər böyük qüvvədir ki, böyük siyasət ona qarışmasa, manipulyasiyasına cəhd etməsə, ürəyi partlayar. Hələ mən orada fırlanan milyonları demirəm.
İndi bu mobilizasiya xalqları problemlərindən yayındırmaq, avantüralara soxmaq, korrupsioner hakimiyyətin avtoritetini qaldırmaq üçün tarixdə xeyli istifadə edilsə də, müqavimət simvoluna çevrildiyi, bumeranq effekti verdiyi anlar da olub. Sindelar, Braytner, Kroiff, Maradona, Romariovə sairə kimi böyüklər problemlərin və onların mənbələrinin də üstünə getməyi bacarıb (buna görə böyük təzyiq və təqiblərə məruz qalsalar da).