Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü respublikamızda böyük coşğu ilə qeyd olunur. Böyük öndərimiz xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri ilə hər bir azərbaycanlının qəlbində Özünün möhtəşəm abidəsini ucaldıb. Ulu Öndər Heydər Əliyev genişmiqyaslı, nəhəng fəaliyyəti ilə Azərbaycanın böyük bir dövrünün tarixini yaradıb.
Qeyd olunduğu kimi, Ümummilli Liderin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Təsadüfi deyil ki, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Onun 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli oyanışın, milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Uzun illər zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev o vaxt daha çox “aqrar respublika” kimi tanınan Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra dahiyanə uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasına təmin edib. Xalq respublikanın gələcəyi naminə gördüyü işlərin mahiyyətini anladığı üçün Ümummilli Liderin atdığı addımları rəğbətlə qarşılayıb və Heydər Əliyevi birmənalı şəkildə dəstəkləyib. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlanıb.
Azərbaycanın müstəqilliyinə doğru gedən yol isə heç də asan başa gəlməyib. Bu günümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Digər tərəfdən, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk olaraq, göz önünə Onun xilaskarlıq missiyası gəlir.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə Onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi partiyanın yaranması olduqca mühüm əhəmiyyətə malikdir. Təsis Konfrasını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilərək Ulu Öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir.
Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də, ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Parlamentinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, Ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi. Müstəqil Azərbaycanın rəhbəri kimi Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkəmizin xoşbəxt gələcəyinin möhkəm təməllərini atdı.
Ulu Öndərin atdığı bu təməllər üzərində isə 2003-cü ildən başlayaraq Azərbaycanımızın yeni inkişaf mərhələsi başladı. Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 illik işğala, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bəyan edən cənab İlham Əliyevin fəaliyyətinə diqqət yetirsək, hər vədini konkret əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtisadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi.
Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi göz önünə gəlir. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Ordusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışın sevincini yaşamaqdadır.
Heydər Əliyev siyasətinin uğurlarının ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq!
Musa Musayev,
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü