“İmişli” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. Bölgə təmsilçisi 19 il sonra elitada iştirak etmək hüququ qazanıb.
Komandanın oyunçusu İdris İnqilablı “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:
“Premyer Liqaya vəsiqə qazanmağımız çox sevinclidir. Bütün azarkeşlərimizi təbrik edirəm. İmişliyə böyük futbol gəlir. Çempionatın ağır keçəcəyini gözləyirdik. Hamımız buna hazırlaşmışdıq və sonda istədiyimizə çatdıq”.
İdris “İmişli”nin elitaya vəsiqə qazanmasında rolu olan oyunçulardandır. Daha əvvəl Premyer Liqada “Qəbələ” və “Sabah”da forma geyinmiş cinah oyunçusu klubdakı taleyinə hələ qərar vermədiyini dedi:
“Hələ necə olacağını bilmirəm. Ən yaxşı variantları dəyərləndirəcəyəm. İlkin seçimim “İmişli” olacaq. Çünki bu komandanı Premyer Liqaya qaldırdıq. Rəhbərliklə görüşüb, danışacağıq. İki tərəfin də razılığı olmalıdır”.
İdris legioner limitinin ləğvinin yerli oyunçulara mümkün təsirinə də toxundu:
“Yaxşı oynayırsansa, heç kim səni qoyub çox pul xərcləmək istəməz. Bununçün hamı artıq daha çox çalışmalı və oynamaq üçün şansını qazanmalıdır”.
Şahin Cəfərov