AZ

Psixoloqdan valideynlərə çağırış - DİQQƏTLİ OLUN

Son dövrlərdə uşaqların mobil telefonlara marağı xeyli artıb. Bu texnologiyalar onlara həm əyləncə, həm də təhsil baxımından imkanlar yaratsa da, həddindən artıq istifadə sağlamlıqlarına və psixologiyalarına mənfi təsir göstərə bilər. Uşaqlar sosial bacarıqlarını inkişaf etdirmək əvəzinə virtual aləmdə daha çox vaxt keçirirlər.


Mövzu ilə bağlı Manset.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, uşaqların gün ərzində həddindən artıq telefondan istifadə etməsi bir sıra problemlərə səbəb ola bilər. 

"Əvvəla, uzun müddət ekrana baxmaq göz zəifliyinə və görmə problemlərinə yol açır. Bundan əlavə, düzgün olmayan oturuş formaları dayaq-hərəkət sisteminə mənfi təsir göstərir.

Telefon asılılığı psixoloji təsirlərə də səbəb ola bilər. Bəzi oyunlar uduzduqda uşaqlarda aqressiya, gərginlik, səbirsizlik və əsəbilik yaradır. Bəzən uşaqlar bu oyunlara pul yatıraraq maddi zərərə də düşə bilirlər. Həmçinin, telefondan çox istifadə edən uşaqlarda yuxusuzluq və narahat yuxu halları müşahidə olunur.

Valideynlər bu məsələdə nümunə olmalıdır. Əgər ana-ata daim telefondadırsa, uşaq da bunu normal hesab edir və telefondan istifadəni artırır. Bəzi valideynlər düşünür ki, ChatGPT kimi texnologiyalar uşağa dərslərində kömək edir, amma bu, uşağın düşünmə və öyrənmə bacarığını zəiflədə bilər, çünki uşaq cavabları özü tapmaq əvəzinə hazır şəkildə alır.

Bundan başqa, valideynlər istirahətə apardıqları uşaqlara da telefon verir və ya onları şəkil çəkməyə məcbur edirlər ki, bu da uşaqları narahat və aqressiv edə bilər".

Psixoloq qeyd edib ki, ən vacib məsələ valideyn və uşaq arasında iki tərəfli, qarşılıqlı ünsiyyətin qurulmasıdır:

"Telefon və planşet bir tərəfli ünsiyyət vasitələridir və uşağın sosial bacarıqlarını zəiflədir. Valideynlər övladlarına daha çox vaxt ayırmalı, onlarla ünsiyyət qurmalı və texnologiyadan istifadəni nəzarətdə saxlamalıdırlar".


Seyranə Quliyeva

Seçilən
0
manset.az

1Mənbələr