Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri, həmçinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən, təqvim ayı ərzində ümumi məbləği əvvəlki ayın dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 %-ni ötən hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır.
“Report” xəbər verir ki, bu dəyişiklik İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na edilib. Qərar iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.
Qərara görə, digər vergi ödəyiciləri üçün isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar yalnız nağdsız formada həyata keçirilməlidir.
Yeni dəyişikliklərə əsasən, bundan sonra bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə ödənişlərin də nağdsız şəkildə aparılması nəzarətə götürüləcək.
Həmçinin qeyd olunur ki, əgər əvvəlki ay təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin 2 %-i 30 min manatdan az olarsa, həmin ayda ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar, əgər bu göstərici 50 min manatdan çox olarsa, 50 min manatdan artıq hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.
İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarı 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.