AZ

Keçmişi indiyə çağırmaq

Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında

Əvvəli ötən saylarımızda...

Üçüncü cilddə qəhrəmanın ailəsi kirayəçi qismində Germantların mülkünə köçür. Germant hersoquyla hersoginya da burada yaşayırlar. Marsel üçün bu ailə qədimdən qalma qənimət, qiymətli muzey eksponatı, min yaşı olan əfsanəvi məxluqlar qrupudur. Bu kitabda qəhrəman Germantların qızı hersoginya Orianaya bənd olur, onun dost-tanışlarının dairəsinə yol tapmağa çalışır. Marselin dostu Sen-Lu isə onun dərin təəccübünə rəğmən Rahil adlı özünü ucuz satan bir qadına vurulur. İyirmi frank dəyəri olan qədim peşə sahibinə qədim nəsildən olan aristokrat dostunun bunca dəyər verməsi Marselə qəribə gəlir. Bununla yanaşı o, baron de Şarlü adlı zadəganın özünə qarşı qəribə, anlaşılmaz marağını da hiss eləyir. Üçüncü kitabın sonunda qəhrəmanın sevimli nənəsi dünyadan köçür.

Dördüncü cilddə baronun marağının içi açılır. Qəhrəman təsadüfən onun bir kişi xeylağıyla intim münasibətinin şahidi olur, təhkiyəçinin qarşısında intim aləmin yeni sirləri çözülür. Balbekə ikinci gedişində Marsel Albertinayla daha sıx ünsiyyət qurur, bununla belə qızın başqa qadınlarla dostluq çəpərini aşan əlaqələrindən şübhələnməyə başlayır. Bu yandan da kübar cəmiyyətdə baron de Şarlü ilə bir skripkaçı arasında qeyri-ənənəvi münasibətə dair dastanlar dolaşmağa başlayır. Marsel zahirən alicənab təsir bağışlayan, dəbdəbəli, təmtəraqlı həyat sürən yüksək cəmiyyət nümayəndələrinin özlərini qələmə verdikləri kimi olmadıqlarını gördükcə illüziyaları dağılır, xəyallarının qanadları islanır.

Beşinci cilddə qısqanclıq tutmalarından əzab çəkən təhkiyəçi Albertinanı özünün Parisdəki mənzilinə qapadır, qızın hər bir hərəkətini, hər kəslə ünsiyyətini nəzarətdə saxlamağa çalışır. Bir sözlə, Marsel Albertinanı əsir götürür. Ancaq onun qızı, qızın da onu gerçəkdən sevdiyini söyləmək olmaz, çünki sevgi zora söykənməz, sevən sevdiyinin dərgahında könüllü köç salıb əylənər. Sevgi könüldən, ehtiras candan gəlir - Marseli Albertinaya bağlayan da elə həmin ehtiras zənciri, əlindəkini itirmək qorxusudur. Bu, gerçək xoşbəxtlik deyil, xoşbəxtliyin imitasiyası, xoşbəxtlik illüziyasıdır. Ona görə də Marsel qızı axıracan əlində-ovcunda saxlaya bilmir, bir yaz səhəri Albertina xəlvətcə onun evindən qaçıb naməlum istiqamətdə yoxa çıxır.

Altıncı cilddə qəhrəman qaçmış sevgilisini qaytarmağın yollarını arayır. Bir müddət sonra öyrənir ki, Albertina atdan yıxılıb ölüb. Qızın keçmişini araşdıranda Marsel onun qadınlarla əlaqəsinə dair şübhələrinin təsdiqini tapır. Albertinanın surəti getdikcə onun yaddaşından silinir. Qəhrəman anasıyla Venesiya səyahətinə çıxır, səfərdən qayıdanda dostu Sen-Lu ilə keçmiş sevgilisi Jilberta Svanın evləndiyini eşidir. Beləcə, Germantlarla Svanlar, aristokratlarla burjuylar arasında izdivac bağlanır. Aristokratlar bu izdivaca razılıq verirlərsə, demək, onların çöküşü başlanıb, ixtiyar tezliklə burjuyların əlinə keçəcək, zadəganlar estafeti tacirlərə ötürəcəklər (Rüstəm bəy də gözünün ağı-qarası tək qızını bu mülahizəylə Məşədi İbada vermək istəyirdi).

***

Sonuncu cilddə Marsel uzun müddətli müalicə kursu keçir, illərlə paytaxtdan aralı düşür. Bu müddətdə Avropanı böyük müharibənin odu-alovu bürüyür, oxucuya tanış bəzi personajların hərəsi bir siyasi-ideoloji kursun tərəfdarına çevrilir. Kimisi savaşda həlak olur, kimisi xəstələnib yatağa düşür, bir sözlə, tənəzzül erası başlanır, sanki qiyamət yaxınlaşır. Marsel həyatının gerçək təyinatını yalnız bu vaxt anlamağa başlayır, qəti qərara gəlir ki, ömrünün kitabını yazmalı, əldən çıxmış zamanı geri qaytarmalıdır. Kitabın mövzusu, materialı onun yaşanmış keçmişidir. Bundan sonra onun həyatında maraqlı, əhəmiyyətli heç nə baş verməyəcək, olan olub, keçən keçib, qarşıdansa sürətlə əcəl yaxınlaşır. İndi qapalı yaşayan yalqız bir insanı dünyaya ancaq xatirələr bağlaya bilər. Bunu başa düşəndə Marsel yaddaşını ələyib zamanın yumağını çözələməyə girişir. Beləcə, ətrafında dolandığımız roman qələmə alınır...

“İtkin zamanın sorağında” epopeyasının məzmununu bu şəkildə danışmaq onun haqqında heç nə deməməyə bərabərdir. Bu kitabı danışmaq mümkün deyil, onu ancaq oxumaqla anlamaq olar. Deyilənlərə bircə bunu artırmaq istərdim ki, Marsel Prust ustadı Anri Berqsonla birgə iyirminci yüzilliyi yaratmış qələm adamlarının ən birinci cərgəsində yer alıb. Onun konkret, subyektiv zamanı abstraksiyaya uğramaqla çoxdan obyektiv mahiyyət qazanıb.

***

Prust deyirdi ki, xoşbəxtlik ələ gəldiyi zaman artıq xoşbəxtlik olmur, gözdən-nəzərdən düşür, adamı özündən soyudur. Bu danılmaz həqiqət həyatla ölümün iç-içə, ayrılmaz olduğuna bəlkə yüz mininci dəfə yenidən şahidlik eləyir. İnsan xoşbəxtlik deyilən nəsnəyə əli çatmayanda da bədbəxt olur, əli çatanda da. Hədsiz aclıq da onu ölümə aparır, hədsiz toxluq da. Yiyələnmək istəyi özüylə itirmək qorxusu da gətirir. O qorxu o istəyi istək istəməyindən bezənəcən qarabaqara izləyir.

Həyat ehtirasları körükləyib alovlandırır, ölüm onları söndürüb külə çıxarır. İnsan bir xoşbəxtlik yelləncəyindən düşüb başqasına minəndə arzularını öldürə-öldürə getdiyinin, özünü öldürməyə tələsdiyinin, şüursuz bir istəklə sonuna can atdığının fərqinə varmır. Aşırı ehtiraslar insan oğlunu cıdır atı kimi qovub bağrını çatladır, finala hamıdan tez çatmağa can atan köhlən hansısa mərc düşkününə, qumar azarkeşinə zövq vermək üçün özünü hamıdan qabaq çərlətməyə çalışdığını qanmır. Fələk də belə bir qumarbazdır, özü də bu işin ən böyük ustası kimi milyard-milyard insanı dimdiyindən tələyə salıb bəşərin arzularını, əzablarını qumara qoyur. Prustun bitməz-tükənməz romanında da sona öz odunda yanan arzuların qəbiristanlığından, ehtiras çaylarının quru yataqlarından, qumar həvəskarlarının tütün kimi çəkilib atılmış ömürlərinin külündən başqa bir şey qalmır.

Həyat bizi cəmləyib bir yerə yığır, ölüm vurub birliyimizi dağıdır, başı bədəndən, gözü gödəndən, əli ayaqdan, dili sözdən ayrı salır. Demək, həyatın toplayıb bir torbaya yığdığı bu orqanlar birliyi - bu orqanizm, bu dirilik də illüziya, aldanış, yalanmış. Fələk bircə yol üfürməklə ən parlaq şamın da alovunu söndürə bilirsə, hansı dirilikdən söhbət gedə bilər? Dirilik varsa, onu başqa yerdə axtarmaq gərək. İyirminci yüzilliyin daha bir böyük filosofu Karl Yaspers yazırdı: “Bizim axtardığımız bu dünyada var, ancaq dünyadan deyil”.

Doqquz yaşından ta öldüyü günəcən astma xəstəliyindən əziyyət çəkən, yaşlandıqca azarı tərsikən Prustun da o parlaq şamlardan biri kimi bircə üfürümlük canı vardı, əlli bir yaşında onu məğlubiyyət bayrağı kimi fələyin köpək dişindən asıb kapitulyasiya aktını imzaladı. Varlıqdan istefa verib yoxluğuna çəkildi.

Ancaq o vaxta qədər yoxluğa meydan oxumaqla itmiş ömrünü ələ gətirə bildi, yoxdan var elədiyi zamanı əlli bir il yaşadığı bu dünyanın divarından öz xatirə barelyefi kimi asıb üstünə belə yazdı: “Mən bu evdə yaşamışam!”

F.Uğurlu

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr