Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tədbir keçirilib.
Herbiand.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən mərkəzdə keçirilən tədbirdə səfirliyin və attaşelik aparatının nümayəndələri, Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan kursantlar və onların müəllimləri iştirak ediblər.
Tədbirə dəvət olunan Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələri mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Muzeylə tanışlıq zamanı qonaqlara böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Ümummilli Liderin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və digər sahələr üzrə gördüyü işlərdən danışılarkən xüsusi olaraq bildirilib ki, dahi şəxsiyyətin xalq qarşısında ən böyük xidmətlərindən biri müasir, qüdrətli Azərbaycan Ordusunun yaradılması və inkişafının təməlinin qoyulmasıdır.
Digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xəttinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ordumuzun qüdrətlənməsi, torpaqlarımızın erməni işğalından azad edilərək ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, şanlı Zəfərin qazanılması haqqında ətraflı məlumatlar da Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələrinin diqqətinə çatdırılıb.
Qonaqlar Ümummilli Lider Heydər Əliyev haqqında sənədli filmə baxdıqdan sonra Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Xalçaları Muzeyi ilə tanış olublar.