Azərbaycan Respublikasının dövlətçilik tarixində müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətində təhsil hər zaman xüsusi yer tutmuşdur. 10 may tarixində Ulu Öndərin doğum günü ölkə miqyasında qeyd olunarkən, təkcə tarixi şəxsiyyəti deyil, onun gələcək nəsillərin yetişdirilməsi naminə gördüyü misilsiz işləri də dərin hörmətlə anırıq.
Bu məqaləni yazmaqda məqsədim Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki fəaliyyətini tarixi dövrlər üzrə təhlil etmək, bu fəaliyyətin sistemli-strateji əsaslarını ortaya qoymaq, həmçinin onun ideyalarının müasir Azərbaycan təhsilində daşıyıcı mexanizmlərə çevrilməsini elmi əsaslarla göstərməkdir.
1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev Sovet Azərbaycanında təhsili millətin inkişaf aləti kimi prioritet sahəyə çevirdi. Bu dövrdə o, 1400-dən çox məktəb binası tikildi və ya əsaslı təmir olundu. Texniki və orta ixtisas məktəblərinin sayı 2 dəfəyə yaxın artdı. Azərbaycan dilində dərs deyən müəllimlərin sayında 38%-lik artım müşahidə edildi. Həmçinin, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın perspektivli gəncləri qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdi. Bu “kadr strateqiyası” nəticəsində 1970–1980-ci illərdə Moskvada təhsil alan azərbaycanlı tələbələrin sayı 10 dəfə artdı. Neft, kosmos, nüvə və hərbi sənaye sahələrinə yönəlmiş mütəxəssislər formalaşdı. Bu kadrlar sonradan Azərbaycanın dövlət və elmi elitasını təşkil etdi. Məsələn: akademik Ramiz Mehdiyev, professor Kərim Kərimov və digərləri.
Siyasi xaos və iqtisadi böhran şəraitində 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev üçün təhsilin dirçəlişi dövlət quruculuğunun əsas istiqamətlərindən biri oldu.1995-ci ildə qəbul edilən Konstitusiyada hər bir vətəndaşın təhsil almaq hüququ təsbit edildi. 1999-cu ildə “Təhsil haqqında” Qanun qəbul edilərək milli təhsil sisteminin hüquqi bazası yaradıldı. 1998-ci ildə ilk dəfə olaraq distant təhsil və informasiya texnologiyaları təhsil sisteminə inteqrasiya olunmağa başlandı.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsil sistemi beynəlxalq təcrübəni mənimsəməyə başladış Belə ki, 1995-ci ildən TEMPUS, TACIS, SOROS və UNESCO layihələri çərçivəsində təhsil islahatları başladı. 2000-ci ildə ilk dəfə Azərbaycan ali məktəbləri Bologna Prosesi ilə tanış oldu. Xaricdə təhsil almış gənclərin ölkəyə dönərək müəllimlik və akademik fəaliyyətlə məşğul olması təşviq edildi.
Heydər Əliyev təhsili yalnız sosial rifah vasitəsi deyil, milli ideoloji təhlükəsizlik faktoru kimi qiymətləndirirdi. O qeyd edirdi: “Biz müstəqil dövlət qururuq. Bu dövlətin sabahı gənclərlə, onların aldığı təhsillə müəyyən olunacaq".
O, müəllimləri “xalqın ruhunu formalaşdıran mühəndislər” adlandırırdı. Onun təşəbbüsü ilə müəllimlərin əməkhaqları artırılır, diaqnostik qiymətləndirməyə əsaslanan müəllim keyfiyyətinin idarəolunması sistemi tətbiq olundu. Ali məktəblərdə elmi fəaliyyətin dəstəklənməsi üçün doktorantura proqramları genişləndirildi.
2004-cü ildə yaradılan Heydər Əliyev Fondu, Ulu Öndərin təhsil siyasətini müasir dövrə daşıdı. Fondun əsas təşəbbüslərindən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə 3200-dən çox məktəb tikilmiş və ya təmir edilmişdir. İmkansız ailələr üçün təhsil təqaüdləri təsis olunmuşdur. İnklüziv təhsilin inkişafı, STEAM təhsili və bacarıq yönümlü yanaşmalar dəstəklənir. 1998-ci ildə ADAU-da çıxışı zamanı bir tələbə sual verdi: “Cənab Prezident, biz bu qədər çətinliklərə baxmayaraq niyə təhsilə sərmayə qoyuruq?” Heydər Əliyev cavab verdi: “Çünki bizim üçün ən böyük neftimiz – beyin gücümüzdür. Bu gücü itirsək, hər şeyimizi itirərik".
Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat İnstitutunun 2002-ci il hesabatında qeyd olunur: “Heydər Əliyevin təhsilə yanaşması sistemli modernləşmənin ən təmiz nümunəsidir. Bu model öz milli kimliyini qoruyaraq qloballaşmaya açıqdır".
Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti sadəcə keçmişin bir hissəsi deyil – müasir Azərbaycanın təhsil strategiyasının da əsas fəlsəfəsidir. Onun təhsilə baxışı milli kimliyin qorunması ilə bərabər beynəlxalq sistemə inteqrasiya olunmaq, müəllimin yalnız dərs deyən deyil, şəxsiyyət formalaşdıran lider kimi dəyərləndirilməsi, gənclərin dövlət quruculuğunda həlledici rolunun təsbitidir.
Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,
müəllim, “Müasir metodist” layihəsinin metodisti,
yazar, “Özünə Yox De” kitabının müəllifi Nigar Mahi