AZ

Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…


Nadir İsrafilov: “Məktəblilərin narkoloji müayinədən keçirilməsi əks-təsir kimi effekt yarada bilər”

Son günlər sosial şəbəkələrdə Azərbaycan məktəblərində narkoloji yoxlamaya ehtiyac olması ilə bağlı iddialar yayılıb. Yoxlanışın 8,9,10,11-ci sinif şagirdləri arasında aparılması təklif olunur.

Həqiqətən də, Azərbaycan məktəblərində bu yoxlanışa ehtiyac var?

“Ayrı-ayrı məktəblərdə yuxarı sinif şagirdləri arasında müəyyən narkotik aludəçiləri olsa belə, məktəblilərin narkoloji müayinədən keçirilməsini problemin uğurlu həlli yolu hesab etmək olmaz”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj və əks-təsir kimi effekt yarada bilər: “Cəmiyyətdə “ağ ölüm” kimi tanınan, insan həyatında sağalmaz fəsadlar yaradan narkomaniya bəlası yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olub. Onunla mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramlarının qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur.

Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirmə kampaniyalarının aparılması, keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi artıq zərurətə çevrilib”.

Ekspert hesab edir ki, ayrı-ayrı məktəblərdə yuxarı sinif şagirdləri arasında müəyyən narkotik aludəçiləri olsa belə, məktəblilərin narkoloji müayinədən keçirilməsini problemin uğurlu həlli yolu hesab etmək olmaz. Bu kimi testlərin keçirilməsi məktəblərdə və bütövlükdə cəmiyyətdə ajiotaja səbəb olar: “Əks-təsir effekti verə bilər və vəziyyətin daha da kütləvi hal almasına zəmin yaradar.Müəllimlər və valideynlər xüsusi olaraq bilməli və ona diqqət yetirməlidirlər ki, yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsi daxildir. Yeniyetmə yaşı sosial-psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı “çətin”, kritik yaş adlandırırlar.

Nəzərə almaq lazımdır ki, valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması - bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərə meyilliliyin təsiri altına düşürür. Yeniyetmələrə başa salmaq lazımdır ki, narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Narkomaniya digər vərdişlərlə müqayisədə daha təhlükəli olub, beyin və mərkəzi sinir sisteminə erkən ağlını itirmə, şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama, qorxu, xəyal görmə, eşitmə, zəka və yaddaş pozğunluqları kimi fiziki təsirlərə malikdir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi bir çox insanlar, xüsusən də gənclər arasında daha da yayılıb və öz ərazisini genişləndirməkdə davam edir. Etiraf etmək lazımdır ki, respublikanın ayrı-ayrı məktəblərində Daxili İşlər Nazirliyinin, yerli polis idarələrinin əməkdaşlarının və yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri çərçivəsində müxtəlif görüşlər keçirir, cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edir. Hesab edirəm ki, “Narkomaniyaya yox deyək!” devizi altında maarifləndirici tədbirlər kampaniya xarakteri daşımamalı, bundan sonra da mütəmadi olaraq davam etdirilməlidir”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr