Vüqar Həsənov, araşdırmaçı-jurnalist
1942-ci ilin mayında başlayan Alman hücumu əvvəlcə uğurla inkişaf etdi, ordu artıq Volqaya və Şimali Qafqaz neft mədənlərinə çatmışdı. Bakıdan cəbhəyə, sənaye mərkəzlərinə neft və neft məhsullarının daşındığı dəmir yolları, su yolları kəsilmişdi. Bakı-Batumi neft kəmər sökülüb Volqaboyuna göndərilmişdi. Almanlar isə Qafqazın Astanasında idilər. Bakıda hasil olunan nefti göndərməyə yol demək olar ki mümkünsüz idi. Bütün çənlər və yeraltı anbarlar dolu idi, yeni quyuların qazılması, mövcud işlək quyuların isə konservləşdirilməsi lazım gəlirdi.
Müharibənin ilk illərində təhlükənin pik həddində Xəzər dəniz gəmiçiliyi yük dövriyyəsinə görə SSRİ-də birinci yerdə idi. Xəzər dənizinin əhəmiyyətini müəyyənləşdirən başlıca yük neft və neft məhsulları idi. Yüklər Bakıdan Həştərxana (Astraxan), oradan isə Volqa çayı ilə SSRİ-nin müxtəlif şəhərlərinə daşınırdı. Dənizlə daşınan neftin ümumi miqdarının 90 faizi Bakı limanının payına düşürdü. 1942 -ci ildə Xəzərdə ilk dəfə Bakıdan Krasnovodska (indiki Türkmənbaşı) neft və neft məhsulları ilə dolu dəmiryol sisternləri və neft çənləri üzməklə aparılmışdır. Müharibə illərində Xəzər dənizçiləri cəbhəyə 50 milyon ton neft və neft məhsulları, eləcə də benzin, solyar, kerosin, dizel, motor nefti, mazut və s. daşıdılar. Ancaq düşmən aviasiyasının hücumları nəticəsində 1942-1944-cü illərdə Xəzər donanması 32 gəmisini itirdi.
Cəbhənin neftlə təmin olunmasında Azərbaycan dəmiryolçularının da xidmətləri böyük olub. 1941-1945-ci illərdə Bakı dəmiryolçuları cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 500 min sisterni neft məhsulları göndərib.
1941-ci ildə olan neft hasilatındakı səviyyə aşağı düşürdü. Səbəb sadə idi – bir çox neftçi kadrlar cəbhəyə yollanmışdı, yeni quyular qazılmırdı, istismar quyu fondu kəskin azalmışdı, neft maşınqayırma müəssisələri təyinatını dəyişərək silah istehsal edirdi, bir çoxu isə neft hasilatı və kəşfiyyatı işlərinə cəlb olunmaq üçün SSRİ-nin şərq regionlarına yola salınmışdı. Həmin il Azərneftkombinat orduya 161 traktor, 1155 avtomaşın vermişdi.
Hitler Azərbaycanı tək neftinə görə deyil, həm də onun mühüm coğrafi məkanına görə əhəmiyyətli hesab edirdi. Hitler Azərbaycanı tutmaqla böyük neft yataqları olan İran və İraqa çıxış əldə etməyə can atırdı.
1942-ci il iyul ayının 1-də Stalin məşhur həmyerlimiz, o vaxt Yanacaq sənayesi xalq komissarlığının müavini olan Nikolay Konstantinoviç Baybakovu yanına çağırıb demişdi: “Siz Qafqaza gedirsiniz və yerli neft mədənlərini minalayırsınız. Əgər Hitlerə bircə ton da olsa, neft saxlasanız, sizi mən özüm güllələyəcəyəm. Yox, əgər Hitler gedib Qafqaza çatmasa, siz neft mədənlərini vaxtından əvvəl partlatmış olsanız, onda biz yenə də sizi güllələyəcəyik”. Cavan, 30 yaşını təzəcə adlamış nazir müavini özündə güc, cəsarət tapıb söyləmişdi: “Yoldaş Stalin, siz mənə heç seçim yolu saxlamırsınız”. Təcili Bakıya yola düşən Nikolay Baybakovun qarşısında duran vəzifə belə idi: düşmənə bir damla da neft verməmək!
Hitler Bakını işğal etməyi hər şeydən vacib sayırdı. O bilirdi ki, Qafqaz neftini ələ keçirmədən müharibəni udmaq mümkün deyil.
1942-ci ilin sentyabrın 16-da Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi haqqında qərar qəbul edir. Komitə Mahaçqalada, Dərbənddə və Bakıda müdafiə xəttinin tikilməsinə qərar verir. Bakı müdafiə xətti Nasosnıdan Səngəçaldan keçirdi. Baş Komandanlıq 1942-ci il sentyabrın 24-də Cənubi Qafqaz Respublikalarında hərbi vəziyyət elan edir. Bakı müdafiə zonası yaradılır, istehkamlar quraşdırılır.
Hasil olunan neftin boru kəmərləri ilə Qara şəhərdəki neftayırma zavodlarına ötürülməsi və benzin alındıqdan sonra qalıq məhsulların yenidən laylara vurulması qərara alınır. Bu təklif fantastikaya bənzəsə də, sınaqdan keçir. Belə ki, xüsusi neft quyusu ayrıldı, məhsulu laylarda saxlamaq üçün həmin quyuya yarım milyon ton qalıq məhsul vuruldu – benzinsiz neft… Müharibədən sonra həmin quyu yenidən işlənməyə cəlb olundu və neft alınmağa başlandı.
Bakıda təxliyyə işlərinə başlanıldı. 1942-ci ilin payızına kimi 764 quyu basdırıldı və ləğvinə hazırlandı. Qazma avadanlıqlarının 81 dəsti işçilərlə birlikdə Türkmənistana göndərildi. Bu faktı xüsusilə qeyd etmək lazımdır ki, 1943-cü ilədək Azərbaycan neft sənayesi heç bir yeni avadanlıq alınmadan işlədi. 1942-ci ilin oktyabrında təxminən 11 min neft mütəxəssisi və böyük mqdarda neft avadanlıqları Bakıdan Tatarıstana, Başqırdıstana, eləcə də Rusiyanın digər regionlarına göndərildi ki, həmin ərazilərdə neft tapsınlar.
Qazma təşkilatlarının şərq rayonlarına köçürülməsi ilə əlaqədar olaraq 1942-ci ildə qazma təşkilatlarında işçilərin sayı 1940-cı illə müqayisədə, demək olar ki, 70% azalmışdı. Ən qəribəsi də o oldu ki, Qələbədən sonra Bakıya heç nə qaytarılmadı!
Hökumət SSRİ-nin şərq rayonlarında neft sənayesinin inkişafına xüsusi önəm verirdi. Qısa müddətdə “İkinci Bakı” adını almış rayonlarda – Başqırdıstanda, Permdə, Kuybışevdə, Orta Asiya və Qazaxıstanda yeni neft mədənləri, neftayırma zavodları yaratmaq, Qərb regionlarındakı fəaliyyətini dayandırmış neft rayonlarının yerini doldurmaq qərarı verildi.
Ancaq Bakı köhnə quyuları bərpa edərək bütün çətnliklərə baxmayaraq cəbhəyə neft verirdi. Bu mühüm məsələnin həllində yataqların geoloji xidmətləri aparıcı yerlərdən birini tutur, fəaliyyətsiz fonddan quyular istismara daxil edilirdi. Müharibə illərində bu fond ümumi istismar fondunun təxminən yarısını (müharibənin son iki ilində isə daha çoxunu) təşkil edirdi. 1941-ci ildə fəaliyyətsiz fonddan 627 quyu istismara daxil edildiyi halda, 1942-ci ildə bu göstərici 1050 quyu idi. Bu quyulardan 1942-ci ildə 2 milyon 850,2 min ton neft hasil edilmişdi. Həmin il, 1942-ci ildə Balaxanı- Sabunu-Ramana, Bibiheybət, Qala, Lökbatan kimi yataqların hesabına Azərbaycan 15,7 milyon ton hasil etmişdi. Bu da SSRİ-də hasil olunan ümumi 21,9 milyon ton neftin 72 faizi demək idi.
1942-ci ilin noyabr ayında belə Bakının Almaniya təyarələri tərəfindən bombalanma ehtimalı qalırdı. Belə ki, 1942-ci il noyabrın 10-da iclasda Azərbaycan rəhbəri Mircəfər Bağırov bildirir ki, Hitler Bakını tutmaq ümidini itirdiyindən buranı bombalamağa cəhd edəcəyi ehtimalı böyükdür.
Ancaq sonrakı hadisələr göstərdi ki, Bakını tutmaq almanlara nəsib olmadı, üstəlik, faşist Almaniyası Bakı neftində boğuldu. Yanacaqsız qalan almanların tank qoşun birləşmələri Qafqaz dağlarının ətəyindəcə dayanmağa məcbur oldu. Bakının neft yataqları isə son anda partladılmadı.
1942-ci ildə Stalinqrad döyüşü zamanı əldə olunmuş qələbədən sonra Bakı ətrafında təhlükə sovuşdu, cəbhə xətti getdkikcə uzaqlaşdı. Artıq 1942-ci ilin dekabrında Dövlət Müdafiə Komitəsi Bakının neft mədənlərində qazma işlərinə başlanılması barədə qərar verdi.
Həmin il SSRİ-də ilk dəfə olaraq AzNTİ-nin təklif etdiyi (boruların bir-birinə qaynaq edilməklə birləşdirilməsi) texnologiyaya əsaslanaraq, Bakıda, Kirovneft (indiki “Binəqədioyl”) trestində qoruyucu kəmərlərin quyuya endirilməsi həyata keçirildi. Sonralar bu təcrübə Sovet İttifaqının bütün neft rayonlarında geniş sürətdə yayıldı.
Azərbaycan xalqı öz nefti ilə yanaşı, öz elmi potensialı ilə də Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsinə sanballı töhfələr verib. Həmin ərəfədə görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin başçılığı altında bir qrup elm adamı 28 gün ərzində laboratoriya binasından kənara çıxmadı, gərgin elmi axtarış apararaq nəticədə 100 oktanlı yüksək keyfiyyətli aviasiya yanacağının texnologiyasını işləyib hazırlamışlar.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90
Bu texnologiyanın tətbqi aviasiya üçün yanacaq və yağların buraxılmasını 30 faiz artırmağa imkan vermişdi. Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya və kimya müəssisələri Yusif Məmmədəliyevin ideyası əsasında yüksək oktanlı alkilbenzol işlənildi və onun tərkib hissəsini istehsal edən yeni zavodun tikintisinə başlanıldı. Bu zavod qazlı benzin və yüksək oktanlı təyyarə yanacağı istehsal edirdi. Onun dəyəri 12 milyon rubl idi. Bundan başqa, Yusif Məmmədəliyevin rəhbərliyi partlayıcı maddələrin əldə edilməsi üçün toluolun yeni sənaye üsulu işlənərək sənayeyə tətbiq edilmişdir. Bu 1941-1945-ci illər müharibə dövrü SSRİ-nin müdafiə sənayesinə edilmiş böyük töhfə idi. Ümumiyyətlə, Yusif Məmmədəliyev öz təcrübələrini indiki Keşlə qəsəbəsində tikintisi başa çatmamış qazolin zavodunun binasında aparırdı. Yusif Məmmədliyev böyük xidmətlərinə görə 1941-ci ildə Lenin ordeni təltif edilmiş, 1945-ci ildə Dövlət Mükafatı laureatı adına layiq görülmüşdü. Bu, Azərbaycan neft elminin uğuru idi.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100
Azərbaycan alimləri tank əleyhinə yandırıcı butulkalar üçün ampulanın tərkibini işləyib hazırladılar və uğurla sınaqdan keçirdilər. Bu döyüş vasitələrinin hazırlanmasında neft, kerosin və benzin kimi tezalışan məhsullardan istifadə olunurdu.
Ümumilikdə, alimlərimiz Rüstəm İsmayılov, Murtuza Nağıyev, İzzət Orucova, Şıxbala Əliyev həmin dövrdə 100 növ neft-kimya məhsullarının, o cümlədən, 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin, 8 növ dizel yağının istehsalını təşkil edə bildilər. Əliəşrəf Əlizadə, Sabit Orucov, Süleyman Vəzirov, Musa Əliyev, Əhəd Yaqubov, Baba Babazadə kimi alimləri sayəsində isə Azərbaycan neft sənayesi hasilatın artırılmasında böyük uğurlar əldə etdi.
1942 -ci ildə ”Abşeron yarimadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” elmi işinə görə geoloq-alim Əhəd Yaqubov SSRİ Dövlət mükafatına (o vaxtlar Stalin mükafatı adlanırdı) layiq görülmüşdür.