İbtidai siniflər üzrə kurikulum ev tapşırıqlarının verilməsini nəzərdə tutmur, lakin bu qaydaya tez-tez əməl olunmur. Tapşırıqların çoxluğu şagirdlərdə zehni yorğunluğa və psixoloji yüklənməyə səbəb olur. Ev tapşırıqları ya tamamilə ləğv olunmalı, ya da yalnız zəruri hallarda məhdud sayda verilməlidir.
Kurikulumun tələblərinə əsasən, ibtidai sinif şagirdlərinə ev tapşırıqları verilməməlidir. Buna baxmayaraq, təəssüf ki, bir çox hallarda bu qaydaya riayət olunmur. Bəzən şagirdlərə verilən tapşırıqların miqdarı həddindən artıq olur ki, bu da onların zehni yorğunluğuna və psixoloji yüklənməsinə səbəb olur.
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, praktik olaraq təhsil müəssisələrində şagirdlərə ev tapşırıqları verilməməlidir.
Onun sözlərinə görə, əgər tapşırıqlar verilirsə belə, onların miqdarı çox az olmalı və diqqətlə tənzimlənməlidir:
"Şagirdlərə bəzi hallarda hətta tətil müddətində belə çoxlu ev tapşırıqları verilir ki, bununla da nəticədə onların təhsil hüquqları pozulur. Hesab edirəm ki, ev tapşırıqlarının tamamilə ləğv olunması məqsədəuyğundur. Şagirdlər daha çox vaxtlarını evdə, ailələri ilə keçirməlidirlər. Bu, valideyn-uşaq münasibətlərinin inkişafına da müsbət təsir göstərər. Eyni zamanda, ev tapşırıqlarının azaldılması şagirdlərin təhsilə marağını artırar. Bəzən ev tapşırıqları onların dərsi dərindən mənimsəməsinə deyil, əksinə, yorğunluğa və bezginliyə səbəb olur".
Ekspertin fikrincə, Finlandiya təcrübəsində olduğu kimi, Azərbaycanda da təhsil sistemində ev tapşırıqlarına etibar azaldılmalı, yalnız zəruri hallarda, məsələn, dərs zamanı çatdırıla bilməyən mövzu olduqda məhdud sayda (3-5 ədəd) tapşırıq verilməlidir:
"Bütün fənlər üzrə çoxsaylı tapşırıqların verilməsi şagirdin evdə istirahət və ailəsi ilə zaman keçirmə imkanlarını məhdudlaşdırır ki, bu da düzgün yanaşma deyil".
Zeynəb Rzayeva