AZ

Amerika şirkəti Avropada ABŞ səhmlərinin ticarəti üçün blokçeyn platformasını istifadəyə verməyi planlaşdırır

Bakı, 9 may, AZƏRTAC

“Robinhood Markets” şirkəti Avropadakı pərakəndə investorlar üçün ABŞ-da buraxılan tokenləşdirilmiş qiymətli kağızlarla ticarət imkanı yaradacaq yeni blokçeyn əsaslı platforma üzərində işləyir.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində səhmlər kimi maliyyə alətlərini təmsil edən tokenlərin buraxılması planlaşdırılır. Bu tokenlər paylanmış reyestr texnologiyası əsasında yaradılacaq.

Şirkət Arbitrum və Solana kimi blokçeyn şəbəkələri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir, lakin hələlik yekun qərar qəbul olunmayıb. Partnyorlarla danışıqlar davam edir, ancaq mümkün razılaşmaların detalları ictimaiyyətə açıqlanmır. Robinhood, Arbitrum və Solana nümayəndələri bu təşəbbüslə bağlı hər hansı rəsmi şərh verməyiblər.

Analitiklərin fikrincə, aktivlərin tokenləşdirilməsinə maraq artır, çünki maliyyə institutları xərcləri azaltmağa və prosesləri daha şəffaf etməyə çalışırlar. Qlobal Maliyyə Bazarı Assosiasiyasının (GFMA) hesablamalarına görə, paylanmış reyestr texnologiyasının tətbiqi klirinq və hesablaşma əməliyyatlarında illik təxminən 20 milyard dollar qənaət etməyə imkan verə bilər.

Qeyd edək ki, ötən ilin iyun ayında “Robinhood” kriptovalyuta birjası olan “Bitstamp”ı satın alıb. Bu da şirkətə rəqəmsal aktivlərə əsaslanan törəmə maliyyə alətləri təklif etmək üçün birjanın lisenziyalarından istifadə imkanı verir. Bundan əlavə, 2025-ci ilin mayında şirkət Litvada broker lisenziyası əldə edərək, Avropa İttifaqı müştəriləri üçün investisiya xidmətlərinə çıxış imkanı yaradıb.

“Robinhood”un baş direktoru Vlad Tenev tokenləşdirmənin Amerika şirkətlərinin qlobal miqyasda fəaliyyətinin genişləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu cür qiymətli kağızlar xarici investorların ABŞ bazarına çıxışını asanlaşdıra və mövcud maneələri aradan qaldıra bilər.

Tenev əlavə edib ki, bu təşəbbüs “Robinhood”un kriptoaktivlərin ənənəvi maliyyə sistemlərinə inteqrasiyası üzrə daha geniş proqramının bir hissəsidir. O qeyd edib ki, şirkət öz tokenləşdirilmiş fondlarını artıq bazara çıxarmağa nail olmuş “BlackRock”, “Franklin Templeton” və “Apollo” kimi iri oyunçulardan ilham alır.

Seçilən
0
1
azertag.az

2Mənbələr