Azərbaycan Prezidenti İlham Əliyevin Moskva Paradına getməkdən imtina etməsi sosial şəbəkələrdə sevinclə qarşılanıb. Demək olar ki, hər kəs bu haqda statuslar paylaşır, sevindiklərini, qürurlandıqlarını söyləyirlər.
Mənim fikrimcə də doğru və təqdir olunacaq addımdır. Ümumiyyətlə, hər şeyi öz adı ilə demək mədəniyyətini topluma göstərmək vacibdir. Rus məktəblərinə yaradılan şəraitə görə necə tənqid ediriksə, təqdir olunacaq addımları da vurğulamalıyıq.
Lakin mövzumuz bu deyil. Yanaşmaları gözdən keçirəndə istər-istəməz belə bir sual ortaya çıxır ki, Azərbaycan insanının Rusiya məsələsində göstərdiyi bu həssaslığın təməlində duran səbəblər nədir?
Axı niyə Rusiya və ya ruslar bizə düşmən münasibət bəsləyir?
Ən əsası isə: niyə hər zaman?
Rusiyanın bir dövlət olaraq bizə münasibətinin həqiqi üzü nədir?
Bir siyasi lider olaraq Putinin niyyəti və strateji məqsədi nədir?
Son zamanlar yaşanan gərgin siyasi münasibətlər yeni bir mərhələyə keçidi şərtləndirəcəkmi?
Öncə Rusiyanın bugünkü gücü, iqtisadi imkanları, siyasi durumu ilə mövcud vəziyyəti nəzərdən keçirək.
Son əsrlərdə Rusiya da daxil olmaqla super güclər arasında dünya ölkələrinə nüfuz etmə və onları idarə etmə baxımından qızğın savaşlar gedir. Rusiya, son bir neçə əsrin super gücü kimi dünyada baş verən bütün siyasi və hərbi münaqişələrdə birbaşa və ya dolayı yolla iştirak etmiş bir ölkədir. Yaxın tarixə nəzər saldıqda bu savaşlarda Rusiyanın hansı rol aldığı və nəticədə nə əldə etdiyi aydın olur.
XX əsrin əvvəllərində və xüsusən də II Dünya Müharibəsindən sonra Rusiya böyük nüfuz qazandı. Şərqi Avropanı və Asiyanın böyük bir hissəsini nəzarəti altına aldı. Güc paylaşımında böyük uğurlar əldə etdi. Lakin əsrin ikinci yarısından sonra vəziyyət tədricən dəyişdi. Sualı belə qoyaq: iki dünya müharibəsindən başqa, XX əsrdə daha hansı savaşlar olmuşdur? Əfqanıstan savaşı, Koreya savaşı, Vyetnam savaşı, Balkan savaşları, İraq savaşı, Liviya savaşı, Suriya savaşı və uzun illərdir sürən İsrail–Fələstin münaqişəsi… Bütün bu savaşlar ya siyasi cəhətdən regionda gücün qorunmasına, ya da enerji resurslarının paylaşılmasına yönəlmişdir. Rusiya bu savaşların əksəriyyətində iştirak etmiş və ya məğlub olmuş, ya da güzəştlər hesabına mövqeyini qismən qorumuşdur.
SSRİ-nin de-fakto və de-yure dağılması Rusiyanın ciddi şəkildə zəifləməsinə səbəb oldu. Varşava Müqaviləsi (SSRİ-nin başçılıq etdiyi) ləğv edildi. Rusiya Avropadan (Şərqi Avropa və Baltikyanı ölkələr daxil olmaqla) birdəfəlik çıxarıldı. İkinci Dünya Müharibəsindən sonra aparılan güc paylaşımı siyasətinə son qoyuldu.
Ukraynadakı müharibə isə olan-qalan “rus ordusu” mifini də darmadağın etdi.
Rus insanı bu məğlubiyyətləri necə həzm etdi və ya edir – bu da ciddi şəkildə müşahidə edilməlidir. Çünki bizə olan bu günkü münasibəti düzgün oxumaq istəyiriksə, bunu bilməliyik.
Əlbəttə, bu məğlubiyyətlər uzun əsrlər “dünyanın ən güclüsü mənəm” deyən rusun qüruruna toxunur. Bu səbəbdən keçmiş postsovet məkanında gücünü nisbətən qoruyub saxladığı ərazilərə tam mütləqiyyətlə yenidən sahib çıxmaq istəyi təbiidir.
Putin rus insanının daha çox nə istədiyini yaxşı bilir. İqtisadi cəhətdən zəif siyasəti nəticəsində Putin böyük səs itirə bilərdi. Zəif iqtisadiyyat, “Qazprom”un dünya enerji bazarındakı mövqelərini itirməsi, antidemokratik mühit – bütün bunlar Rusiyanı yeni bir inqilaba sürükləyə bilərdi.
Lakin rus insanı üçün önəmli olan, son dövrlər qırılmış qürurunu bərpa etməkdir. Rusiyanın dünyaya meydan oxuması, bütün iqtisadi problemlərin önünə keçir. Çünki rus insanının mahiyyətində şovinizm var. Ukrayna ilə müharibədə bu bir daha təsdiqini tapdı. Bu qədər rus vətəndaşının müharibədə ölməsi, ağır iqtisadi vəziyyət, gələcəklərinin qaranlığa bürünməsi belə, rus insanını susdurursa, demək ki, bu toplum şovinist mahiyyətindən qurtula bilmir. Demək ki, Putini diktator kimi ayaqda saxlayan cəmiyyət bu gün real təhlükə mənbəyidir. Bəs biz bu təhlükənin qarşısını almaq üçün nə etməliyik?
İlk olaraq Rusiyanın gücü və potensial təhlükə imkanları haqqında dəqiq analiz və təhlillər aparılmalı, cəmiyyətdə obyektiv fikir formalaşdırılmalıdır.
Vətəndaş cəmiyyəti institutları, müxalif siyasi partiyalar, ziyalılar və aydınlar ciddi şəkildə yeni bir prosesə başlamalıdırlar. Rusiyada olan tarixi torpaqların qaytarılması məsələsi gündəmə gətirilməlidir.
İkincisi, bir tarixi həqiqət var ki, Azərbaycan tarixən Rusiya torpağı olmamış, ruslarla birgə dövlətə sahiblik etməmişdir. Qacarların məğlubiyyəti və xanlıqların birgə hərəkət etməməsi nəticəsində Rusiya işğalı baş tutmuşdu. Azərbaycan Çar Rusiyası tərəfindən (1813, 1828) işğalı nəticəsində kifayət qədər torpaq itirmiş, öz torpaqları ilə sərhəd olmuş bir məmləkətə çevrilmişdir. Rusiyanın bizə de-yure heç bir ərazi iddiası ola bilməz. Amma bizim ola bilər.
Əgər son dövrlər tarixçilər tərəfindən İrəvan məsələsi durmadan gündəmə gətirilirsə, o zaman Dərbənd və digər tarixi torpaqlarımız da gündəmimizdə olmalıdır. Bu məsələlərlə bağlı cəmiyyəti ciddi şəkildə hazırlasaq, şimal təhlükəsinin tarixi-siyasi hücumunun qarşısını ala bilərik. Qalar buradakı məmur dayaqları – onlar da zamanla həll olunacaq. Ən azından bioloji olaraq nəsil dəyişimi gedəcək. Ona görə də indiki və gələcək nəsillərə görə üzərimizə düşən əsas vəzifə tarixi və siyasi cəhətdən maarifləndirmədir.
Unutmamalıyıq ki, Rusiya tarix boyu Qafqazdakı işğallarından imperiya siyasətinin uğuru kimi faydalanıb. Elə bu səbəbdən də tarixi torpaqlarımızın irredentizmi daima siyasi gündəmin başlıca mövzusu olmalı və biz tarix boyu Rusiya tərəfindən məruz qaldığımız işğal həqiqətlərini gündəmdə saxlamaqla yeni siyasi-diplomatik mərhələyə keçid etməliyik.
Rusiyanın və Putinin bu gün marağının nə olmasından asılı olmayaraq, Azərbaycan daim bu qonşu dövlətlə bağlı düzgün strateji və ideoloji xətt tutmalıdır.
Bizə bəzən deyirlər ki, Rusiya ilə bu günə və sabaha görə münasibət saxlamalıyıq, bu üzdən tarixi münasibətləri qurdalamayaq. Yaxşı, mən tarixi dünəndə qoydum. “Bu gün bu gündür” deyib yola çıxdıq – yenə rusu qarşı tərəfdə görürük.
Nə qədər istəsək də Rusiyanı dost olaraq yanımızda görə bilmədik. Rus məktəbləri, rus dilinin ölkəmizdə statuslu olması, rus biznesinə son vaxtlar açılan paytaxt qapıları, rus musiqiçiləri üçün hazırlanan konsert proqramları Rusiyanı yanımıza gətirmədi.
Biz nə zaman boylansaq, qanımıza batmış rus əlini görürük.
Hətta tarixi olayları sadalamadan, bu günün Rusiyası ilə yaşanan real problemlərə baxsaq – yenə də qan, ölüm, terror və üzüntü görürük.
Bu arada, Rusiyanın “əfsanəvi gücü” haqqında rəvayətlər yayanların menyusuna yuxarıda sadaladığım statistik informasiyaları təqdim etməkdə məqsədim odur ki, xalqımız bu müzakirələrdən faydalanıb ruhunu diri tuta bilsin.
“Böyük RUSİYA”, “savaşmağı sevən ruslar” şüarları sabun köpüyü kimi axıb getdi.
ANAR ƏSƏDLİ