Mayın 24-25-də Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları baş tutacaq.
Offsideplus.az xəbər verir ki, See Breeze istirahət mərkəzində keçiriləcək yarışda həm kişi, həm də qadınlardan ibarət Azərbaycan milli komandaları əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
Kişi yığmamız B qrupunda Kanada və Böyük Britaniya kollektivlərinə, qadın basketbolçularımız isə B qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaqlar.
Reqlamentə əsasən, seçmə mərhələni ilk iki yerdə tamamlamış komandalar yarımfinala yüksələcəklər.
Yarımfinal cütlərinin qalibləri, eləcə də yarımfinalda məğlub olan komandalar arasında keçiriləcək oyunda qələbə qazanan kollektiv (ümumilikdə 3 yığma) Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
Dünya Kubokunun oyunları 23-29 iyunda Monqolustanın paytaxtı Ulan-Batorda gerçəkləşəcək.