Şamaxı, 8 may, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl rayonun Heydər Əliyev adına parkında Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkənin ictimai-siyasi və iqtisadi həyatında açdığı yeni mərhələdən danışıb, onun siyasi kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında dahi rəhbər Heydər Əliyevin dövlətçilik ənənələrinin əhəmiyyətindən, xüsusən bölgələrin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edib.
Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nun Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı da çıxışlarında Ümummilli Liderin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, elm və təhsilin inkişafı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətini xüsusi qeyd ediblər.
Mərasim iştirakçıları dahi rəhbərin parlaq ideyalarının bu gün də dövlətimizin inkişafına yol göstərdiyini, Azərbaycan xalqının Ulu Öndərin əziz xatirəsini daim uca tutduğunu bildiriblər.