Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova Azərbaycana rəsmi səfər etmək barədə dəvət məktubu göndərib.
Moderator.az xəbər verir ki, bu barədə TDH (Türkmənistanın Dövlət İnformasiya Agentliyi) məlumat yayıb.
Azərbaycan Prezidenti məktubda qeyd edib ki, iki ölkəni xalqların iradəsindən qaynaqlanan dostluq və qardaşlıq əlaqələri, ümumi köklər, həmçinin mənəvi və mədəni dəyərlər birləşdirir.
Agentlik həmçinin bildirir ki, İlham Əliyev xüsusi olaraq Qurbanqulu Berdiməhəmmədovun dövlətlərarası münasibətlərin və strateji tərəfdaşlığın inkişafına şəxsi töhfəsini vurğulayıb.
Azərbaycan Prezidenti əlavə edib ki, qarşıdakı səfərin münasibətlərin daha da inkişafına və ölkələrarası əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əmindir.
Müraciətin sonunda İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova möhkəm sağlamlıq, xoşbəxtlik və fəaliyyətində uğurlar, Türkmənistanın qardaş xalqına isə əbədi rifah və firavanlıq arzulayıb.