Yeni seçilmiş Papa 69 yaşlı amerikalı, Avqustinian ordeninin rahibi və Peruda sabiq missioner olan Robert Frensis Prevodur.
O, ABŞ-dan seçilmiş ilk pontifik və tarixdə bu posta gəlmiş cəmi ikinci rahibdir. İlk belə nümunə İsa Tərəfdarları cəmiyyətindən (İezuit) olan Papa Fransisk olmuşdu.
KONKRET.az xəbər verir ki, Prevo on ildən çox Peruda yaşamış, burada icma keşişi, müəllim, yeparxiya rəsmisi kimi fəaliyyət göstərib. Daha sonra Romada Avqustinian ordeninə rəhbərlik etmiş, 2015-ci ildən etibarən yenidən Latın Amerikasına qayıdaraq Çiklayo yepiskopu, sonra isə qonşu Kallao yeparxiyasının müvəqqəti idarəçisi olub.
2023-cü ildə Papa Fransisk onu Kilsənin kadr siyasətinə cavabdeh əsas strukturlardan biri olan Yepiskoplar Dikasteriyasının prefekti təyin etmişdi. Həmin ildə Prevo kardinal titulunu almış və 2025-ci il konklavında taxt üçün əsas namizədlərdən biri sayılmışdı. O, güclü missioner təcrübəsi və Roma kuriyasında işi ilə kompromis fiqur kimi qiymətləndirilirdi.
Prevo ABŞ yepiskopatının mötədil qanadına aiddir və sosial məsələlərdə, eləcə də kilsə islahatlarına dair baxışlarında Papa Fransiskə yaxındır. Onun seçilməsi Katolik kilsəsində “qlobal Cənub”un və Avropa xaricindəki regionların rolunun artmasının göstəricisidir.
ABŞ prezidenti Donald Tramp artıq Prevonu Roma Papası seçilməsi münasibətilə təbrik edib. Yeni Papa isə ilk müraciətində inanclıları sülh naminə dialoq körpüləri qurmağa çağırıb.
Natiq Səlim,
KONKRET.az