Gəncə, 8 may, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə şəhərində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası açılıb. Açılış mərasimindən sonra yeni inzibati binada “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2024-cü ildəki fəaliyyəti, o cümlədən Gəncə Regional Vəkil Bürosunun inzibati binasının təmir-bərpa prosesi ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib.
Vurğulanıb ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması danılmaz faktdır. Ulu Öndərin əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da sürətləndirilib. Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın Azərbaycanda dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil etdiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyini də ziyarət edib. Burada görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.