Vətəndaşlar Bakıda 29 və 65 nömrəli avtobus marşrutları üzrə hərəkət edən avtobusların tez-tez gecikdiyini bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, xüsusilə səhər və axşam saatlarında – işə gedən və işdən qayıdan zaman avtobusların hərəkət intervalı həddən artıq uzanır.
“29 saylı marşrut bəzən 30-35 dəqiqəlik fasilə ilə gəlir. Gələndə də dolu olur, minib getmək mümkün olmur. Bu problem artıq adi hala çevrilib”, – deyə sərnişin Almaz Fətullayeva bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıq. Qurumdan Bakupost.az -a bildirilib:
“29 nömrəli marşrutda hərəkət intervalı 7-8 dəqiqə olmaqla 12 avtobus, 65 nömrəli marşrutda isə 5-6 dəqiqə olmaqla 17 avtobus fəaliyyət göstərir. Günün pik saatlarında avtobusların keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xətlərində ləngimələr yaranır və intervallarda artım müşahidə edilir”.
Açıqlamada o da qeyd olunub ki, daşıyıcılara həmin marşrutlar üzrə avtobus sayının sərnişin tələbatına uyğun şəkildə tənzimlənməsi, pik saatlarda əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi və marşrutların nizamlı fəaliyyəti ilə bağlı tapşırıqlar verilib.
65 nömrəli avtobusun daşıyıcı şirkəti “Xaliq Faiqoğlu” MMC-dən bildirilib ki, məsələ araşdırılacaq:
“Bu cür geridönüşlər işimizin tənzimlənməsi üçün əhəmiyyətlidir. Şikayət qeydə alındı, araşdırılacaq.”
29 nömrəli avtobusun daşıyıcı şirkəti “Menloqq” MMC-dən isə qeyd olunub ki, xəttə 12 avtobus buraxılır:
“Bu xətt üzrə interval 8-9 dəqiqədir. Adi vaxtlarda bu interval saxlanılır. Lakin tıxacdan asılı olaraq gecikmələr yaranır”.