AZ

Katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq YENİLƏNİB

Vatikan, 8 may, AZƏRTAC

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə üçüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

AZƏRTAC xəbər verir ki, 66 müxtəlif ölkədən və bütün qitələrdən 133 kardinalın iştirakı ilə Sikstin Kapellasında baş tutan gizli səsvermədə yeni Roma Papası seçilən şəxs ən azı 89 kardinalın dəstəyini alıb.

Sikstin Kapellasının damında quraşdırılan bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçildiyini xəbər verib. Belə ki, bacadan çıxan tüstünün rəngi ağ olub, kilsə zəngləri çalınıb. Bu, Müqəddəs Pyotr meydanına toplaşan izdiham tərəfindən sevinclə qarşılanıb.

Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara rəngdə olur. Əgər Papa seçilərsə bacadan ağ tüstü buraxılır.

Katoliklərin yeni ruhani liderinin kimliyi hələlik məlum deyil. Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul etdiyi təqdirdə, katoliklərin yeni ruhani lideri olur. Yeni Papa kilsədəki xüsusi otağa aparılır və orada onun üçün hazırlanmış paltarları geyinir. Qarşıdakı bir saat ərzində yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.

267-ci Papa mayın 7-də başlayan konklav çərçivəsində iki gün ərzində keçirilən ümumilikdə dördüncü səsvermə nəticəsində seçilib.

Vatikanda təhlükəsizlik tədbirləri artırılıb

Müqəddəs Pyotr meydanında antidron və elektron siqnal ötürücülərinin qarşısını alan sistemlər quraşdırılıb. Ərazidə İtaliya təhlükəsizlik qüvvələrinin 4000-dən çox əməkdaşı xidmət aparır. Meydanına daxil olmaq istəyənlər iki mərhələli təhlükəsizlik yoxlamalarından keçir. Bundan başqa, ərazidə minədək könüllü fəaliyyət göstərir. Yeni Papanın seçilməsi ilə qarşıdakı saatlarda meydana ümumilikdə 250 minədək insanın toplanması gözlənilir.

Qeyd edək ki, Katolik Kilsəsindəki 266 papadan 200-dən çoxu italiyalı olub. Sonuncu Papa - Fransisk (Xorxe Mario Berqolyo) aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. O, Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub. Fransisk 2013-cü ildəki konklav çərçivəsində ümumilikdə beşinci səsvermədə seçilmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
0
azertag.az

1Mənbələr