Azər Həsrət: "İraq Kürdüstanı nə bizə, nə də Türkiyəyə zərərli münasibət sərgiləmir"
Azərbaycan İraqın Kürdüstan regionunda, Ərbil şəhərində baş konsulluğunu açacaq. Bu barədə İraq Kürdüstan Regionunun mənbələri xəbər yayıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında danışıqlar zamanı Azərbaycanın Kürdüstan regionunda baş konsulluğunun açılmasının vacibliyi vurğulanıb.
Bu barədə artıq qərar verilib və yaxın gələcəkdə baş konsulluğun açılması prosedurları və iki tərəf arasında münasibətlərin - qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində görüləcək işlər müzakirə edilib.
Bu Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilərmi? Çünki ehtimal edilir ki, İraqın bu bölgəsindən Türkiyəyə qarşı savaşan PKK terrorçularına dəstək verilir.
Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, İraq Kürdüstanıda Azərbaycanın konsulluq açması qardaş Türkiyəyə hər hansi bir zərər verəcəyini düşünmürəm: "Ona görə ki, İraq Kürdüstanın rəhbəri Neçirvan Bərzani də, digər liderlər də qardaşı Türkiyəyə çox isti münasibətlə yanaşırlar. Türkiyənin cümhur başqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Ankara hökuməti onlarla iş birliyindədir. Yəni bir-birləri ilə çox gözəl anlaşırlar. Faktiki olaraq, qardaşı Türkiyə istədi deyə PKK-çıların İraq Kürdüstanıdan sıxışdırılması reallaşdırıldı. Təəssüflər olsun ki, həmin sıxışdırılan PKK-çılara İran qucaq açıb. Özü də onları Qərbi Azərbaycan ostanında, yəni türk torpaqlarında yerləşdirib. Belə bir şəraitdə Azərbaycanın İraq Kürdüstanı ilə yaxınlaşmasında heç bir problem yoxdur. Üstəlik, nəzərə alaq ki, Azərbaycan prezidenti İraq Kürdüstanının rəhbəri ilə normal münasibətlərə malikdir. Onlar arasında dəfələrlə görüşlər, müzakirələr olub. Belə bir şəraitdə Ərbildə bizim baş konsulluğun açılmasının işin zərərinə olacağını düşünmürəm.
Onu da qeyd edim.ki, İraq Kürdüstanının ərazisində bizim soydaşlarımız olan İraq türkmanlarının bir hissəsi yaşayır. Onlarla da ən azı əlaqələrin operativləşdirilməsi üçün bizim konsulluq lazımdır. Həm dövlətlərarası - ikitərəfli, həm də türlmanlarla əlaqələrin gücləndirilməsi baxımından bu işin ciddi faydası olacaq.
Azərbaycanın iş adamlari o bölgüəyə investisiya qoyarsa, mədəni əlaqələriniz genişlənərsə, bütün bunlar hər iki tərəfə fayda verə bilər.
Bir daha qeyd etmək istəyirəm ki, İraq Kürdüstanı nə bizə, nə də Türkiyəyə zərərli münasibət sərgiləmir. Hər iki dövlətlə qarşılıqlı anlaşmadadır. Bu baxımdan Ərbildə baş konsulluq açmaq bizim xeyirimizədir. Biz özümüzə isti münasibətdə olan bölgələrdən uzaqlaşdıqca hərmin yerleri bizə zidd, zərərli olan qüvvələr tuta bilər. Yəni biz orda olacağıq ki, bizə qarşı olanlar oraları doldura bilməsin".
Dəniz NƏSİRLİ