AZ

Samuxda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

Samuxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Samux rayon İcra Hakimiyyətinin və  YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş  “Əbədiyaşar  Lider” mövzusunda  ümumrayon yığıncağı keçirilib.  Heydər Əliyev Mərkəzində təşkil olunan Samux Rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, qazilər,şəhid ailələri  və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Ümummilli  Liderin  həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks əks etdirən foto-stendə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür yolu” adlı film  nümayiş etdirilib.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini bildirib.  Qeyd edib ki,  Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib.  Ulu Öndərin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  qeyd edib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.    Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. G.Bayramov  həmçinin, Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafından bəhs edib.

Daha sonra tədbirdə  iştirak edən  Milli Qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov,  44 günlük vətən müharibəsi şəhidi Elvin Məmmədzadənin atası İlham Məmmədov, Ümummilli  Lider Heydər  Əliyevin 102-ci ildönümünə həsr olunmuş Ən yaxşı təqdimat layihəsində respublika üzrə III yerin qalibi Həcər Rzayeva  çıxış  edərək Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, habelə torpaqlarımızın işğaldan azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən danışıblar. 

Çıxışlardan sonra  Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə  əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən keçirilmiş inşa yazı müsabiqəsində, bilik yarışında, şahmat turnirində və rəsm müsabiqəsində qalib gələn bir qrup məktəbliyə  diplom, həmçinin,  YAP Samux rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə siyasi fəallıq göstərdiyinə görə bir qrup partiya fəalına Fəxri Fərman  təqdim edilib.Tədbir Samux şəhər  Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşıb.

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr