AZ

Şəkərdən başqa qaraciyərə zərər verən 5 gündəlik vərdiş və qida

Şəkərdən başqa qaraciyərə zərər verən

Qaraciyər orqanizmdə zərərli maddələrin təmizlənməsi, qidaların parçalanması və maddələr mübadiləsinin tənzimlənməsi baxımından həyati əhəmiyyət daşıyan orqanlardan biridir. Müasir dövrdə həm alkoqollu, həm də alkoqolsuz yağlı qaraciyər problemi geniş yayılıb. Lakin bu vəziyyət çox vaxt illər ərzində yavaş-yavaş inkişaf edir və vaxtında tədbir görülməzsə, siroza – yəni qaraciyər toxumasının çapıqlaşmasına və funksiyanın pozulmasına gətirib çıxarır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, şəkərin həddindən artıq qəbulu qaraciyərə zərər verən əsas amillərdən biridir. Amma bununla yanaşı, gündəlik həyatda diqqət yetirilməyən bəzi vərdişlər və qidalar da qaraciyər sağlamlığına mənfi təsir göstərir.

1. Alkoqol qəbulu

Alkoqol qaraciyərin fəaliyyətini zəiflədən başlıca səbəblərdəndir. Qaraciyər spirtli maddələri parçalamağa çalışarkən həddindən artıq yüklənir, bu da digər zərərli maddələrin təmizlənməsini çətinləşdirir. Uzunmüddətli içki istifadəsi qaraciyərin piylənməsi, iltihabı və son nəticədə sirozla nəticələnə bilər.

2. Ağrıkəsici dərmanlardan sui-istifadə

Tez-tez və nəzarətsiz şəkildə qəbul edilən ağrıkəsicilər qaraciyər üçün zərərli ola bilər. Dozaya diqqət etmədən və ya müxtəlif dərmanları birlikdə istifadə etmək qaraciyərin zədələnməsi riskini artırır. Ona görə də dərman istifadəsi zamanı mütləq həkim məsləhəti alınmalıdır.

3. Zərərli yağlarla zəngin qidalar

Çips, fast food və digər qızardılmış məhsullar trans yağlarla və konservantlarla zəngindir. Bu tip qidalar qaraciyərdə yağ yığılmasına və iltihaba səbəb olur. Sağlam alternativ kimi zeytun yağı və təbii məhsullarla hazırlanmış ev yeməkləri tövsiyə olunur.

4. Yetərsiz su qəbulu

Kifayət qədər su içməmək qaraciyərin əsas funksiyalarından biri olan toksinlərin orqanizmdən çıxarılmasını çətinləşdirir. Nəticədə zərərli maddələr yığılır və qaraciyərdə əlavə gərginlik yaranır. Gündəlik su qəbulunu artırmaq – xüsusilə təmiz su, bitki çayları və limonlu su – qaraciyərin funksiyasını dəstəkləyir.

5. Emal olunmuş ət məhsulları

Sosiska, kolbasa və digər işlənmiş ət məhsulları doymuş yağ və əlavə maddələrlə zəngin olduğu üçün qaraciyər üçün zərərlidir. Bu məhsullar iltihab riskini artırır və uzunmüddətli istifadə qaraciyər xəstəliklərinə yol aça bilər. Daha sağlam protein mənbələri – məsələn, toyuq, balıq və paxlalılar – üstünlük təşkil etməlidir.

Qeyd: Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Qaraciyər və ya ümumi sağlamlığınızla bağlı narahatlığınız varsa, mütləq həkimlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr